Şriftin ölçüsü :

Saytın rəngi :

Betonzavodun beton konstruksiyalarının inşası tamamlanıb

02 avqust 2013 | 10:00
 Son günlər Pirallahı Betonzavodunun tikintisi xeyli sürətlənib. Artıq Betonzavodun beton konstruksiyalarının inşası işləri tamamlanıb. Zavodun istehsal avadanlıqları məhz bu konstruksiyaların üzərinə quraşdırılacaqdır. Avadanlıqlar artıq sifariş olunub və yaxın günlərdə zavoda çatdırılacaqdır.
 Rayonun girişindəki dambanın sağ tərəfində dənizdə intensiv təmizlik işləri davam edir, köhnə gəmilər, çürümüş svaylar kəsilərək ərazidən daşınır. Süleyman Bağırov küçəsindəki “Abad məhəllə-1”in birinci binasında kürsünün inşası tamamlanıb. İkinci bir bloklu 10 mənzilli binanın bünövrə çalasının qazılması, taxta qəliblərin hazırlanması və dəmir armaturların hörülməsindən sonra beton tökülərək təməlqoyma başa çatdırılmışdır. Pirallahının S.Bağırov küçəsindəki çirkab mənbəyi olan gölün qurudulması işləri də davam edir. İş prosesinə cəlb edilmiş ağır tonnajlı avtomaşınlar indiyədək artıq 3600-dən çox reys edərək 15 km məsafədən torpaq daşıyıb gölə tökürlər. Bundan əlavə İnzibati mərkəzin ərazisinə bitişik başqa bir gölün suyu bir güclü nasos vasitəsilə kənara vurularaq göl qurudulur.
 “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində 800 metr uzunluğu, 10 metr eni olan avtomobil yoluna çınqıl döşənməsi, inzibati binanın bünövrə çalasının qazılması və limanın dənizdəki bənd hissəsinin doldurulması işləri davam edir.
 K.Rzayev küçəsindəki “Xeyir-şər” evində dam örtüyünün vurulmasına hazırlıq işləri, 40-cı məhəllədəki “Xeyir-şər” evində daxili suvaq vurulması işləri gedir. Eyni zamanda “Şəhidlər abidəsi” kompleksinin yeni layihəsi də artıq hazırdır və abadlıq işləri yaxın günlərdə davam etdirilməlidir. Pirallahı rayon polis şöbəsinin inzibati binasının tikintisinə hazırlıq işləri aparılır.
Keçidlər