Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü qeyd olundu

01 mart 2018 | 11:00
    1 mart 2018-ci il tarixdə 168 nömrəli tam orta məktəbdə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi. Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədi daşıyan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Pirallahı Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəzir Səfixanov, Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi Vüsal Fətullayev, RİH əməkdaşları, Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin nümayəndələri, Pirallahı rayonunda dislokasiya olunmuş idarə və müəssisələrin rəhbərləri və kollektiv üzvləri iştirak etdilər.
    Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Pirallahı Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəzir Səfixanov öz çıxışında maarifləndirmə məqsədi ilə keçirilən belə tədbirləri yüksək qiymətləndirdi. V.Səfixanov bildirdi ki, Ümumdünya Mülki Müdafiə Günü — 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gündür. Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur. V.Səfixanov fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməyə nail olmağı hədəfləyən bu qəbildən olan tədbirlərin əhəmiyyətini vurğuladı. V.Səfixanov bildirdi ki, Pirallahı Rayon İcra Hakimiyyətində təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq bir sıra tədbirlər keçirilib. Pirallahı rayonunun bir çox idarə və təşkilatlarında, o cümlədən təhsil müəssisələrində maarifləndirici xarakterli tədbirlər təşkil olunub. Bu cür tədbirlərin əsas məqsədi şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasını öyrətməkdir.
    Sonra şagirdlərin iştirakı ilə təlim başladı. Təlimdə şərti yanğın şəraitində Mülki müdafiə qrupları tərəfindən şagirdlər təxliyə olundu. Sinifdə qalan 5 nəfər şərti xəsarət alan şagird isə evakuasiya olunaraq xəstəxanaya çatdırıldı. Baş verən süni yanğın yanğınsöndürmə manqasının üzvləri tərəfindən söndürüldü. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edildi.
    Təlimlər çərçivəsində xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, xilasedicilərin xüsusi texnikası və alətlərinə baxış keçirildi. Tədbir iştirakşıları “Fövqəladə hallarda nə etmək lazımdır?” adlı şəkil və maketlərdən ibarət sərgiyə də baxdılar. Daha sonra məktəbin siniflərində maarifləndirici açıq dərslər təşkil olundu. Şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı.
 
 
 
 
 
 
 
Keçidlər