Pirallahıda kütləvi dezinfeksiya tədbirləri keçirildi
07 avqust 2013 | 10:00
Pirallahı rayonunda həyata keçirilən geniş miqyaslı tədbirlər sırasında ərazinin sanitar vəziyyətinin sağlamlaşdırılması, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin reallaşdırılması önəmli yer tutur. Avqustun 6-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Dezinfeksiya Stansiyasının Suraxanı Regional bölməsinin 25 nəfərdən ibarət qrupunun Pirallahı qəsəbəsində həyata keçirdiyi kütləvi dezinfeksiya tədbirləri də bu məqsədə xidmət etmişdir. Dezinfeksiya tədbirləri 3 hissədən - deratizasiya, dezinseksiya və dezinfeksiyadan ibarət idi. Rayon ərazisində mövcud dövlət mülkiyyətində olan binalar, o cümlədən yaşayış binalarının böyük bir qismi, ümumilikdə 20 min kv km-lik ərazidə dərmanlanma işləri həyata keçirildi. Tədbirdə əsas məqsəd yay mövsümündə yoluxucu xəstəliklərin qarşısının alınması və profilaktikası, həmçinin gəmiricilərə, müxtəlif ziyanverici həşəratlara qarşı mübarizə olmuşdur. Qəsəbənin Kamil Rzayev və Süleyman Bağırov küçələrində, 28-ci, 29-cu məhəllələrdə, mərkəzi prospekt boyu yerləşən bütün yaşayış və qeyri-yaşayış binalarında və digər ərazilərdə dezinfeksiya işləri aparıldı. Qeyd edək ki, Bakı şəhər Dezinfeksiya Stansiyasının Suraxanı Regional bölməsi Pirallahı rayonu da daxil olmaqla 6 rayona xidmət göstərir. Belə dezinfeksiya tədbirlərinin bütün rayon ərazisində mütəmadi və vaxtaşırı keçirilməsi planlaşdırılır.