İlk dəfə səs verən gənclərlə görüş keçirildi
12 mart 2018 | 11:00
Bu gün Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşəbbüsü ilə "İlk dəfə səs verən seçicilər" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının qadınlar şurasının sədri Kəmalə Mustafayeva, PRİH-in şöbə müdiri İsmayıl Əliyev və ilk dəfə səs verəcək rayon gəncləri iştirak etmişlər. Tədbir rəsmi və nəzəri-praktiki olmaqla 2 hissədə təşkil edilmişdir. YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qonaqları salamlayaraq gənclərə Azərbaycan Respublikasının Konstitusiyasının 56-cı maddəsi ilə müəyyən edilmiş seçki hüququndan istifadə etməyi və seçkilərdə fəallıq nümayiş etdirməyi tövsiyə etdi. YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı Günel Məmmədova çıxışında, ümumilikdə Pirallahı rayonunda seçki ərəfəsində görülən işlər, seçkiyə hazırlıq prosesi, seçici siyahılarının hazırlanması haqqında ətraflı məlumat verdi.
Praktiki hissədə səsvermə ilə bağlı 33 saylı məntəqə-seçki komissiyasının sədri Xavər İsmayılova çıxış edərək seçki günü səsvermə prosesi ilə bağlı gəncləri təlimatlandıraraq, onlara ilk dəfə səsvermənin necə vacib olduğunu çatdırdı.