Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir

31 mart 2018 | 11:00
    Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış Tədbirlər Planına əsasən rayonun ümumtəhsil müəssisələrində, mədəniyyət ocaqlarında, məktəbdənkənar və məktəbəqədər tərbiyə müəssisələrində 31 mart – azərbaycanlıların soyqırımı gününə həsr olunmuş müxtəlif tədbirlər keçirilmişdir.
      31 mart 2018-ci il tarixdə Pirallahı rayonunda  Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təmsilçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının üzvləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.
     Tədbir iştirakçıları əvvəlcə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət sərgi ilə tanış oldular.
      Tədbir zamanı xalqımıza qarşı törədilmiş soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
      Mərasimdə Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov erməni millətçilərinin tarixi Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyası ilə bir neçə əsr ərzində xalqımıza qarşı apardıqları təcavüzkar siyasətdən, törədilən faciələrdən, terror və soyqırımı aktlarından danışdı. V.Səfixanov bildirildi ki, 1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə erməni millətçiləri və faşistləri Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək onlarla yaşayış məntəqəsini viran qoymuş, tarixi və mədəniyyət abidələrini, məscidləri, məktəbləri, səhiyyə ocaqlarını dağıtmışlar.
     1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını, Qubanı, Şamaxını və digər əzəli türk torpaqlarını azərbaycanlılardan təmizləmək məqsədi ilə həyata keçirdikləri soyqırımı zamanı on minlərlə dinc əhali məhv edilmiş, görünməmiş qanlı cinayətlər, vəhşiliklər törədilmişdir.
    Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmiş, Zəngəzur və digər ərazilər heç bir əsas olmadan Ermənistana verilmiş, 1948-52-ci illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya edilmişlər. Ötən əsrin 80-ci illərində 200 mindən çox azərbaycanlı Ermənistandan amansızcasına, görünməmiş vəhşiliklərə məruz qalaraq qovulmuşdur. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş, Xocalı, Qaradağlı və digər yaşayış məntəqələrində qanlı soyqırımı faciələri törədilmişdir.
      Məruzədə azərbaycanlılara qarşı yüz illər boyu davam edən soyqırımı və deportasiya siyasətinin mahiyyəti və tarixi kökləri ətraflı təhlil edilmiş, soyqırımı hadisələrinə, erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri önə çəkilmişdir. Bildirilmişdir ki, yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Azərbaycan həqiqətlərinin, erməni millətçilərinin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri vandalizm hərəkətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin rolu xüsusi vurğulanmışdır.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, tarix müəllimi Yaqub Hüseynov çıxışlarında Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən bəhs etdilər, bu məsələdə dövlətin davamlı dəstəyindən danışıldı.
     Anım mərasiminə  mövzu ilə bağlı şeir parçaları və  “Soyqırım: Bakı” filminə baxışla yekun vuruldu.
     Qeyd edək ki, əfsanəvi Neft Daşlarında da 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Dəyirmi masa ətrafında  keçirilən tədbirdə Neft Daşları İƏD üzrə nümayəndəliyin əməkdaşları, “Neft Daşları” NQÇİ-nin rəhbərliyi və neftçilər iştirak ediblər. Tədbirdə 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələrini hər il anmaqla bu terroru dünyaya çatdırmağın vacib olduğunu bildirildi.
 
 
 
Keçidlər