Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi

17 aprel 2018 | 11:00
      17 aprel 2018-ci il tarixində Pirallahı rayonunda  RİH-ti başçısının 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında rayonun idarə, müəssisə, təşkilatlarının  təmsilçiləri və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər.
       Prezident İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş  iclasında qarşıya qoyduğu vəzifələr, cari ilin başlıca hədəfləri hesabat yığıncağında müzakirə obyektinə çevrildi. Hesabat yığıncağını giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanov açaraq ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini, Azərbaycan xalqının sabitlik və təhlükəsizlik şəraitində yaşadığını qeyd etdi. Natiq Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl, xalqın maraq və mənafelərini əsas götürən siyasətin nəticəsi olaraq Pirallahı rayonunun da yola saldığımız il ərzində həm sosial-iqtisadi, həm də ictimai-siyasi sahədə yeni uğurlu nəticələrə imza atdığını diqqətə çatdırdı. Son beş ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahı rayonunun artıq tərəqqi və inkişaf yolu ilə inamla irəlilədiyini söyləyən V.İmanov rayonda həyata keçirilən layihələr barədə qısa məlumat verdi.
     Vasif İmanov çıxışı zamanı qeyd etdi ki, 02 avqust 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahıda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncama əsasən “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Prezidentin 2016-cı il 27 dekabr tarixli Fərmanında nəzərdə tutulmuş vəsaitdən Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə 9,5 milyon manat, o cümlədən Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi üçün 4,5 milyon manat, qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 29 yeni beşmərtəbəli çoxmənzilli binanın tikintisi üçün ilkin olaraq 5 milyon manat ayrılmışdır. Pirallahı qəsəbəsi S.Vurğun küçəsində yeni yaşayış binalarının tikintisi üçün ayrılmış 6,5 ha ərazidə şaquli planlaşdırma, həmçinin ərazidən keçən kommunikasiya xətlərinin köçürülməsi işləri aparılmışdır. Hazırda tikinti-quraşdırma işləri  davam etdirilir.
    Daha sonra Dövlət Proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan Vasif İmanov qeyd etdi ki,   rayonda salınacaq “Yüksək Texnologiyalar Parkı”nda lahiyələndirmə işləri aparılır. Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasının inşası, Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün tikilən yeni inzibati binalarda tikinti işləri davam etdirilir. S.Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılmış ərazi inşaat hasarına alınmışdır. Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi - uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi - uşaq bağçasında işlər tamamlanmaq üzrədir.  Heydər Əliyev mərkəzi park kompleksində şaquli planlaşdırma işləri aparılır. Parkda  fəvvarənin betonlanması və giriş hissədə sütunların inşası,  layihəyə uyğun olaraq inşa olunan kafenin və idman meydançasının metal konstruksiyasının quraşdırılması, piyada  yollarının  tikintisi işləri aparılır. Pirallahı  qəsəbəsi, 28-ci məhəllədə  yeni yanacaqdoldurma  məntəqəsinin  inşası  aparılır.  Pirallahı qəsəbəsində «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər davam etdirilir.
     Diqqətə çatdırıldı ki, Dövlət Proqramında qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
     Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğuladı ki, ölkə başçısının 14 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən yerli əczaçılıq sənayesinin təşkili məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında “Hayat Pharm” və “Caspian Pharmed” dərman preparatları, eləcə də şpris istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir.
“Nərəkənd” balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermalarının  tikinti-quraşdırma işləri davam etdirilir. Hazırda fermaların metal konstruksiyalarının  quraşdırılması  işləri  aparılır.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə 17 fevral 2018-ci il tarixindən etibarən hər həftənin şənbə və bazar günlərində Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində yarmarka təşkil olunur. Yarmarkaya, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılıb. Əhalinin rahat şəkildə alış-verişini təmin etmək məqsədilə burada lazımı şərait yaradılıb.
     Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov qeyd etdi ki, rüb ərzində 2000-ə qədər zeytun ağacı əkilmiş, yaşıllıqların  nəzarətdə saxlanılması,  torpaq sahələrinin şumlanması işləri aparılmışdır. Turizmin inkişaf perspektivlərinə toxunan natiq qeyd etdi ki, Pirallahı, Gürgən və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşunaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idman növlərinin, o cümlədən, yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni müasir çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanlar yaranmışdır.
      Sonra V.İmanov vurğulamışdır ki, planlaşdırılan işlər sırasında Gənclər evinin tikintisi, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə “Gənclər Mərkəzi”nin yaradılması və həmin mərkəzdə istirahət obyektlərinin inşası, 235 №-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının tikintisi, 14 saylı Uşaq Musiqi Məktəbi üçün yeni binanın tikintisi, Pirallahıda idmanın daha da inkişafı məqsədilə mövcud stadionun əsaslı təmir olunaraq genişləndirilməsi və idman meydançalarının yaradılması, alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulmasının davam etdirilməsi, Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması, əhalinin 24 saat fasiləsiz su ilə tam təmin olunması, eyni zamanda Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi layihələri prioritet məsələlər olaraq qalır.
      Hesabat ətrafında çıxış edən “28 May” NQÇİ-nin rəisi Zaur Bağırov, 51 saylı hərbiləşdirilmiş yanğın hissəsinin rəisi Ceyhun Vəliyev, Pirallahı rayon Məşğulluq Mərkəzinin direktoru Məhərrəm Məhərrəmov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışdılar.
     Sonda sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini vermiş, ictimai həyatında fərqlənmiş,  keçirilən tədbirlərdə fəal iştirak etmiş bir qrup rayon sakinin Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması mərasimi keçirildi.
 
 
 
 
 
 
 
 
 
Keçidlər