Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu” mövzusunda tədbir keçirilib

04 may 2018 | 11:00
    Mayın 3-də Pirallahı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  birgə təşkilatçılığı ilə Pirallahı rayonu 186 nömrəli tam orta məktəbdə “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu”  mövzusunda tədbir keçirildi. Toplantıda Pirallahı RİH-nin və DQİDK-nın əməkdaşları,  rayonun idarə, müəssisə və təşkilatların rəhbər işçiləri,  ictimaiyyət nümayəndələri iştirak etdilər.
     Tədbirdən əvvəl iştirakçılar Ümummilli liderin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
     Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev diqqətə çatdırdı ki, müstəqillik qazanandan sonra dünyada İslam dəyərlərinin gücləndirilməsi Azərbaycanın siyasətində prioritet məsələlərdən birinə çevrilmişdir. Ulu öndər Heydər Əliyev dövlət və din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində çox işlər görmüş, xarici siyasətdə isə İslam amilinə xüsusi diqqət yetirmişdir. Qeyd edildi ki, hər il 10 may tarixində Azərbaycan xalqı ən görkəmli dövlət xadimlərindən biri, milli yaddaşımızda silinməz izlər buraxan, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əziz xatirəsini hörmətlə yad edir. Sonra natiq dini radikalizmin mahiyyəti haqqında ətraflı məlumat verdi. O, həmçinin vurğuladı ki, Pirallahı rayonunda müxtəlif xalqların nümayəndələrinin yaşamasına baxmayaraq burada tolerantlıq mədəniyyəti yüksək səviyyədə qorunub saxlanılır. Azərbaycan hazırda burada yaşayan bütün xalqların, bütün səmavi dinlərə etiqad edənlərin azad yaşadığı bir ölkədir. Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib.
      DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Aslan Sultanov “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda geniş məruzə ilə çıxış etdi. Aslan Sultanov bildirdi ki, ölkəmizdə dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində genişmiqyaslı və çoxşaxəli fəaliyyət həyata keçirilməkdədir. Azərbaycan beynəlxalq müstəvidə də İslam həmrəyliyinin müdafiəçisi kimi humanist mövqe nümayiş etdirir.
      Sonra Pirallahı rayon Sukanal idarəsinin rəisi Əli Kərimov, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, 168 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılov və digər çıxış edənlər ölkəmizdə milli mənəvi, İslami dəyərlərin qorunması istiqamətində görülən işlərin mühüm əhəmiyyət daşıdığını, milli mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərə xüsusilə hörmətlə yanaşıldığını, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycanın bütün dünyaya tolerantlıq və multikulturalizm nümunəsi olmasını, eyni zamanda islami dəyərlərin də daim qorunub saxlanmasını vurğulamışlar.
      Qeyd edək ki, tədbir zamanı həmçinin Pirallahı qəsəbə Məscidinin axundu Elçin Baxşıyev ictimaiyyətə təqdim edildi. E.Baxşıyev ona göstərilən etimada görə öz minnətdarlığını bildirdi və öz vəzifəsini vicdanla icra edəcəyinə söz verdi.
      Sonda toplantı iştirakçılarının sualları cavablandırıldı və geniş fikir mübadiləsi aparıldı.
 
Keçidlər