Şriftin ölçüsü :

Saytın rəngi :

O gün uzaqda deyil...

08 may 2018 | 11:00
    Mayın 7-də Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 26–cı ildönümü ilə bağlı tədbir keçirildi. Toplantıda Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH əməkdaşları, Pirallahı rayonunun idarə və təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin əsgərləri, orta məktəb şagirdləri, KİV təmsilçiləri iştirak etdilər.
    Tədbirdən əvvəl vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
      Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli öz çıxışında qeyd etdi ki, Şuşanın işğalı zamanı yerli əhalidən 195 nəfər şəhid olmuş, 165-dən çox yaralanmış, 68 nəfər əsir düşmüş və girov götürülmüşdür. Diqqətə çatdırıldı ki, Erməni vandalları işğal zamanı burada minlərlə eksponatı olan muzeyləri talan etmiş, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtmış, müqəddəs məbədgah və məscidləri təhqirlərə məruz qoymuş, çox sayda nadir əlyazma nümunələrini məhv etmiş, təhsil və səhiyyə ocaqlarını xarabazarlığa döndərmişdilər. 300 kvadrat kilometrədək ərazisi olan Şuşa şəhərində yaşayan 24 900 nəfər əhali işğaldan sonra məcburi köçkünlərə çevrilib.
     A. Hacıbəyli Azərbaycanın mədəniyyətinə, incəsənətinə vurulan ağır zərbədən danışdı. Qeyd edildi ki, beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı, Qarabağ dövlət tarix, xalq tətbiqi sənət və diyarşünaslıq muzeyləri, həmçinin Xan qızı, tanınmış sairə Xurşidbanu Natəvanın sarayı, Ağabəyim Ağanın qəsri, Şuşa qalası, Qarabağ xanlığı kompleksi, İbrahim Xəlil xanın mədrəsəsi, Cümə məscidi, digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının  ekspozisiyaları dağıdılmış, talan olunmuş, kitabxanalar yandırılmışdır. Bildirildi ki, erməni millətçiləri mövcud cəzasızlıq şəraitindən yararlanaraq, çoxsaylı toponimlərimizi dəyişdirməklə, Şuşa şəhəri ətrafında yerləşən, qədim bürünc dövrünə aid yüzlərlə məzarda arxeoloji qazıntılar aparmaqla, beynəlxalq hüquq normalarını pozmaqla daha bir saymazyana münasibət nümayiş etdirmişlər. Onlar zəbt olunmuş Azərbaycan ərazilərində məzarları sökür, qəbirüstü abidələri qarət edir, işğal zonasındakı məbədləri talan edirlər.
     A.Hacıbəyli aprel döyüşlərində erməni təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalan şəhidlərimizi xatırlayaraq, Azərbaycan ordusunun güc və qüdrətindən, hər an işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə qadir olduğumuzdan və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağımızı, cənnətməkan Şuşanı və digər düşmən tapdağında olan torpaqlarımızı azad edəcəyimizi bildirdi.
     Rəsmi hissədən sonra tədbir Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Enurə Abdullayevanın “Əsgər papağı” adlı tamaşası ilə davam etdirildi.
 
 
Keçidlər