Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda faşizm üzərində Qələbənin 73-cü ildönümü qeyd edilib

09 may 2018 | 11:00
     Rayonumuzda 9 may -  Faşizm üzərində Qələbə günü münasibəti silsilə tədbirlər keçirilir. Mayın 9-da Böyük vətən müharibəsi iştirakçıları və arxa cəbhə veteranlarının iştirakı ilə tədbir keçirildi.
     Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev qeyd etdi ki, ikinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövrü olmuşdur. Bu müharibədə azərbaycanlılar öz  qəhrəmanlıqları ilə bizim xalqın şərəfli tarixinə yeni sətirlər yazdılar. Müharibə illərində Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edilmişdir. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar. Azərbaycan faşizm üzərində tarixi qələbənin əldə edilməsinə böyük töhfələr verib. Bu şanlı zəfərin əldə olunmasında xüsusi payı olan xalqımızın 700 minə yaxın oğul və qızını cəbhəyə yola saldığı, onların təxminən yarısının döyüşlərdə həlak olduğu vurğulandı. Həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyi diqqətə çatdırıldı. Faşizmə qarşı mübarizədə xalqımız döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərmişdir. Şanlı qələbəyə neft Bakısının töhfəsi də əvəzsiz olmuşdur. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Diqqətə çatdırıldı ki, Böyük Vətən müharibəsi veteranlarının gənc nəslə tövsiyələrinin, onlar arasında apardıqları işin müstəqil Azərbaycan dövlətinin qurulmasında, torpaqlarımızın qorunmasında, müdafiə olunmasında əvəzsiz rolu vardır. Müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən bugünkü dəyər ulu öndər Heydər Əliyevin təməlini qoyduğu düzgün siyasətin təntənəsidir. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir və  Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib. Dövlətimiz günü-gündən güclənir, qüdrətlənir.
      Pirallahı rayon Rus icmasının sədri Yelena Aşurova və digər natiqlər çıxış edərək əlamətdar bayram münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.
     Böyük Vətən müharibəsi veteranları müharibə ilə bağlı təəssüratlarından, azərbaycanlıların döyüş meydanlarında göstərdikləri şücaətdən danışdılar, faşizm üzərində qələbədə Azərbaycanın rolunu, qəhrəman oğul və qızlarımızın böyük rəşadətlərini, Azərbaycan neftinin əhəmiyyətini vurğuladılar. Veteranlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
       Tədbir konsert proqramı ilə  davam etdirildi. Görüşün sonunda Böyük vətən müharibəsi iştirakçılarına və arxa cəbhə veteranlarına ərzaq bağlaması şəklində maddi yardım göstərildi.
      Bundan əlavə, rayon ərazisində yerləşən N saylı hərbi hissədə 9 may - Qələbə gününə həsr edilmiş tədbir keçirilib. Toplantıda RİH əməkdaşları, Azərbaycanın Milli Qəhrəmanları  Zabit Quliyev və  Bəxtiyar Allahverdiyev, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təmsilçiləri, hərbi hissənin zabit və əsgər heyəti, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
    Tədbirdə İkinci dünya müharibəsində Azərbaycanın çox böyük rolu olduğunu vurğulanaraq qələbədə ölkəmizin payından danışıldı. Bildirildi ki, sovet ordusunun yanacağa olan tələbatının 70%-dan çoxunu Azərbaycan nefti təmin edib. Həmçinin müharibədə sovet ittifaqı qəhrəmanı adını alan çox sayda Azərbaycan qəhrəmanları barədə ətraflı məlumat verilib. 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin rəqsləri, şeir kompozisiyaları və bədii səhnəçiklər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
 
 
 
Keçidlər