Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti tədbir keçirildi

22 may 2018 | 11:00
      22 may 2018-ci il tarixində 168 nömrəli tam orta məktəbdə “Narkomaniya və narkobiznes insan hüquqları üçün böyük təhlükədir” mövzusunda tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, Pirallahı Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov, Bakı şəhəri Narkoloji Dispanserin həkimi-narkoloq Yaşar Bədəlli, RİH-in əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak etdilər.
       İlk öncə tədbir iştirakçılarına mövzuda dair sənədli film nümayiş olundu.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Vəzir Səfixanov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Qeyd olundu ki, müstəqillik əldə edildikdən sonra bir sıra problemlər kimi narkomaniya probleminə qarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyi də ön plana çıxmışdır və problemə münasibətdə yeni mərhələ başlanmışdır. V. Səfixanov bildirdi ki, 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Bu fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilərək bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilib. Azərbaycan Respublikası həmçinin, müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strateji kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirərək, narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Narkomaniyanın heç bir yaş sərhədi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olaraq qeyd edən natiq bu qəbildən olan tədbirlərin keçirilməsində məqsədin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu vurğuladı.
      Pirallahı Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov, Bakı şəhəri Narkoloji Dispanserin həkimi-narkoloq Yaşar Bədəlli və başqaları çıxış edərək narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə fəsadlar vurduğunu bildirdilər, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
     Sonra tədbir iştirakçılarının sualları cavablandırıldı. Tədbirin sonunda rayon məktəblilərin hazırladığı mövzuya dair ədəbi-bədii kompozisiya iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
 
 
 
Keçidlər