Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

25 may 2018 | 11:00
    Pirallahı Rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP siyasi şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Pirallahı RİH əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
    Əvvəlcə tədbir iştirakçıları rəsm və kitablarından ibarət sərgiyə baxdılar.
   Hərbi Hissəsinin nəfəsli alətlərdən ibarət orkestrin ifasında dövlət himninin sədaları ilə açıq elan edilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının I müavini Vəzir Səfixanov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə əlaqədar geniş nitq söylədi. Bildirildi ki, Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu, imperiyaların yıxıldığı bir vaxtda, XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi öz adını şanlı tariximizə həkk etdirmişdir. Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır.”
     Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il ötməsinə baxmayaraq, hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur. Biz bu gün də Cümhuriyyətin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətininin dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini nəzərə alaraq, Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Azərbaycanın uğurları demokratiyanın inkişafının və möhkəmlənməsinin əyani sübutudur. V.Səfixanov qeyd etdi ki, bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin açdığı yolla qətiyyətlə addımlayır və mövcud iqtidarın vahid birliyi nəticəsində Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz cənab İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinspial məsələlərdə Prezident İlham Əliyev Azərbaycan dövlətinin artan qüdrətini, sarsılmaz təmələ malik olan dövlətçilik ənənələrini öz məhsuldar fəaliyyəti ilə sübut edir.
     Diqqətə çatdırıldı ki, Azərbaycanın inkişafına, onun qazandığı uğurlara sevinən dostlarla yanaşı bundan narahat olan, daim xalqımıza və dövlətimizə qarşı qarayaxma kampaniyası aparan qüvvələr də var. Bu qüvvələr “sapı özümüzdən olan baltaları” öz çirkin əməllərinə alət etməkdən belə çəkinməyiblər. Buna misal olaraq “Qafqaz üçlüyü” filminin ssenari müəllifi, Milli Şura adlı qurumun yaradıcısı və hazırda oranın fəxri sədri olan Rüstəm İbrahimbəyovu misal göstərmək olar. Müəllif  bu filmdə Azərbaycan xalqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Bu, dövlətə, dövlətçiliyə, millətə, Azərbaycan, türk etnosuna qarşı düşmənçilikdir. Heç də istisna deyil ki, bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, bir başa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar. AXC-nin süquta uğramasında, Azərbaycan xalqının sürgünlərdə çürüməsində, fiziki məhvində xüsusi xidmətləri olan Əliheydər Qarayevlərin, Həmid Sultanovların, Mirbəşir Qasımovların “mənəvi sələfi” olan Rüstəm İbrahimbəyov kimi “sapı özümüzdən olan baltalar” dövlət quruculuğunda əldə etdiyimiz böyük uğurlara ləkə yaxır, dünya ictimaiyyətinin gözündə aşağılamağa çalışır. Rüstəm İbrahimbəyov kimiləri unutmamalıdır ki, tarix yaxşıları yaşadır, pislərin, satqınların yeri isə tarixin zibilliyidir.
     Çıxışın sonunda V.Səfixanov bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyi ilə  gündən-günə daha da inkişaf edən və bölgədə olduğu kimi, qlobal miqyasda da önəmli bir ölkə mövqeyinə yüksələn Azərbaycan bütün sahələrdə yeni nailiyyətlər əldə edəcək.
    YAP siyasi şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd etdi ki, bu gün Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə uzun illərdir həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Bütün bunlarla yanaşı, ölkəmizin çoxəsrlik dövlətçilik təcrübəsi var. Təbii ki, bu təcrübənin əsası Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlıdır. Məhz 1918-ci ildə Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması 1918-ci il mayın 28-də Tbilisi şəhərində bəyan edilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqut etdi. Lakin çox qısa bir tarixi dövr-cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC ölkəmizin dövlətçilik tarixində mühüm mərhələ hesab edilir. Vurğulandı ki, hələ ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin uca tutulması və dünyaya təbliği istiqamətində mühüm işlər görülüb.
      Bayram tədbiri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə davam etdirildi. Rayon məktəbliləri tərəfindən hazırlanmış musiqili və bədii səhnəciklər tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənildi.
      Sonda ulu öndər Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyə həsr olunmuş rayon məktəbliləri və gəncləri tərəfindən  hazırlanmış flaşmob nümayiş olundu.
 
 
 
 
Keçidlər