Milli Ordunun yaranmasının 100 illik yubileyi qeyd olundu
24 iyun 2018-ci il tarixdə Pirallahı rayonunda yerləşən “N” saylı hərbi hissədə Milli Ordunun yaranmasının 100-cü ildönümünə həsr edilmiş bayram tədbiri keçirildi. Pirallahı RİH-in əməkdaşları, rayonun mədəniyyət ocaqlarının işçiləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı.
Tədbirdə çıxış edən RİH başçısı Aparatının şöbə müdiri Azad Namazov ilk öncə hamını salamlayaraq zabit və əsgər heyətini Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə təbrik etdi. Ölkəmizin hərbi tarixindən danışan natiq qeyd etdi ki, tarixən xalqımızın göstərdiyi qəhrəmanlıq nümunələri bu gün də yaşamaqdadır. A.Namazov bildirdi ki, ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü elan edilmişdir. Diqqətə çatdırıldı ki, ulu öndər Heydər Əliyevin gərgin əməyi və misilsiz xidmətləri nəticəsində müstəqil respublikamızın suverenliyi və ərazi bütövlüyünü düşmən təcavüzündən qorumaq iqtidarında olan, qarşısına qoyulan hər bir tapşırığı yüksək səviyyədə yerinə yetirən qüdrətli ordumuzun yaradılması və inkişaf etdirilməsi suveren Azərbaycan dövlətinin dünyanın siyasi səhnəsində öz yerini almasında böyük əhəmiyyət daşımışdır. Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirən, ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu formalaşdırılmasına nail olmuşdur. A.Namazov Aprel döyüşlərinin dövlətimizin, ordumuzun gücünü və qüdrətini düşmənə, bütün dünyaya nümayiş etdirdiyini qeyd etdi.
Həmçinin natiq bildirdi ki, bu ilin may ayında ordumuzun keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazi düşməndən azad edilərək dövlət sərhəddi boyunca əlverişli hədlər ələ keçirilib. Ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyekt dağıdılıb, kənd xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb.Bildirildi ki, Günnüt kəndinin azad edilməsi ilə ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb.
Çıxış edən N saylı hərbi hissənin komandir müavini, mayor Elçin Kərəmov Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrimizin son illər sürətlə inkişaf etdiyini, bu gün ordu quruculuğunun dövlətimizin başçısının diqqət mərkəzində olduğunu bildirdi. Elçin Kərəmov qeyd etdi ki, biz vətən sevgisiylə yaşayırıq, xidmət edirik, “Bizim Ordumuz Qafqazın ən güclü ordusudur!” şüarı həqiqətdir və Ali Baş Komandan əmr verərsə, döyüşəcəyik, qələbə qazanacağıq!
Sonra tədbir tanınmış incəsənət ustaların ifasında musiqili proqramla davam etdirildi.