Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar ASAN xidmət Pirallahıda fəaliyyətini uğurla başa çatdırdı

19 iyul 2018 | 11:00
     4 iyul - 18 iyul  tarixlərində rayon sakinləri  Pirallahı qəsəbəsində fəaliyyət göstərən Səyyar ASAN xidmətdən yararlandılar. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi  tərəfindən təqdim olunmuşdur. İyulun 18-dək davam edən səyyar xidmətin gedişində sakinlər müvafiq qaydada notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyini, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi üzrə müraciət ediblər.
     Rayonumuza ən yaxın   “ASAN xidmət” mərkəzi 50 km uzaqda yerləşir. Yaşlı, hərəkət imkanları məhdud olan insanlar bu mərkəzə getməkdə qismən çətinlik çəkirlər. Səyyar ASAN xidmət zamanı rayonumuzun sakinləri tərəfindən  səyyar “ASAN xidmət”ə 1074 müraciət daxil olmuşdur. Müraciətlərin 710-u Daxili İşlər Nazirliyi, 216-ı Ədliyyə Nazirliyi, 27-i Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, 13-ü Dövlət Sosial Müdafiə Fondu, 108-i isə yardımçı xidmətlər üzrə olmuşdur. Hər həftənin 6 iş günü, saat 10-00-dan 18-00-dək fəaliyyət göstərən “ASAN xidmət” əməkdaşları yüksək peşəkarlıq göstərmiş, təmsil etdikləri qurumun prinsiplərini layiqincə yerinə yetirmişlər. Hər bir müraciətə həssaslıqla yanaşılmış, müsbət həll olunması üçün qanunvericiliyə uyğun köməklik göstərilmişdir.
     Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
     Pirallahıda belə bir şəraitin yaradılmasına görə rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
 
Keçidlər