"Bilik günü" münasibətilə rayonun təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirildi
Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr - «Bilik günü» Pirallahı rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə və bayram əhval-ruhiyyəsi ilə qeyd olundu. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün rəngarəng və maraqlı tədbirlər hazırlandı. Yeni dərs ilinin açılış mərasimlərində Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Qeyd edək ki, Qeyd edək ki, 2017-2018-ci tədris ilində Pirallahı rayonunda 285 uşaq ilk dəfə məktəbin qapısını açmışlar. 2017-2018-ci tədris ilində Pirallahı rayon məktəblərini 177 məzun bitirmişdir. 131 nəfər ali məktəblərə qəbul üçün sənəd vermiş və ilkin nəticələrə görə 101 nəfər qəbul olmuşdur. Məktəbi bitirənlərin sayına nisbətən sənəd verənlər 74 %, sənəd verənlərin sayına nisbətən qəbul 77 % olmuşdur. Bu isə keçən illə müqayisədə məktəbi bitirənlərin sayına nisbətən sənəd verənlər 18 % çox, sənəd verənlərin sayına nisbətən qəbul isə 3 % azdır. Beləliklə keçən ilə müqayisədə qəbul olunanların sayı 19 nəfər çoxluq təşkil edir. 2017-2018-ci tədris ilində ali məktəblərə qəbul olanların 21 nəfəri (21 %) 200-dən 300-dək bal, 17 nəfəri (17 %) 300-400 bal arası, 21 nəfəri (21 %) 400-500 bal arası, 15 nəfəri (15%) 500-600 bal arası, 6 nəfəri (6 %) isə 600-dən yuxarı bal toplamışdır. keçən illə müqayisədə 400-500 bal toplayanlar 6 nəfər, 500-600 bal toplayanlar 6 nəfər, 600-dən yuxarı bal toplayanlar isə 3 nəfər çoxdur. Sevindirici haldır ki, bu il rayon tarixində bir nəfər ilk dəfə olaraq 168 nömrəli tam orta məktəbin şagirdi Məmmədzadə Leyla Teyyub qızı 687 bal toplayaraq Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuşdur.
Rayon ərazisində yerləşən altı məktəbin hər birində təşkil edilmiş tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başladı. Məktəb direktorları tədbiri açaraq, çıxışlarında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adlarından, həm də məktəbin müəllim və şagird kollektivləri adından dərin minnətdarlıqlarını bildirdilər və yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı gənclər yetişdirəcəklərinə söz verdilər.
Tədbirlərə qatılmış Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları məktəblərin pedaqoji kollektivlərini və şagirdləri Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun adından “Bilik günü” münasibəti ilə təbrik etdilər və onlara təhsildə uğurlar arzuladılar. Qeyd edildi ki, yeni tədris ilində də məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
Bildirildi ki, sentyabrın 11-də Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş rayon müəllimlərinin toplantısında təhsildəki nailiyyətlər, mövcud problemlər, qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Vurğulandı ki, ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da geniş quruculuq və abadlıq işləri aparılır, eyni zamanda təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir, rayonun bütün ümumtəhsil məktəblərinin müasir inventar və avadanlıqlarla təmin olunması istiqamətində zəruri işlər görülür.
Tədbirlərdə çıxış edən məktəb şagirdləri dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, öz sevinclərini oxuduqları mahnılar, söylədikləri şeirlərlə ifadə etdilər.
Keçirilən silsilə tədbirlər çərçivəsində 13 sentyabr 2018-ci il tarixdə yeni dərs ilinin başlanması və “Bilik günü” ilə əlaqədar rayon ərazisində yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində tədbir təşkil edilmişdir. Toplantıda Pirallahı RİH-nin əməkdaşları, təhsil və mədəniyyət ocaqlarının işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışmışdı. Təhsilin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də xüsusi vurğulandı. Bədii hissədə sülh mövzusunda şeirlər səsləndirildi, mahnılar ifa olundu, müxtəlif rəqslər nümayiş etdirildi. Qeyd edək ki, tədbir zamanı Vaqif Mustafazadə adına Mədəniyyət və 4 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin yetirmələri arasında rəsm müsabiqəsi keçirilib, qaliblər Mədəniyyət Mərkəzi tərəfindən mükafatlandırılıb.