Şriftin ölçüsü :

Saytın rəngi :

20 sentyabr - Azərbaycanın neft-qaz sənayesinin dirçəlişinin başlanğıcıdır

20 sentyabr 2018 | 11:00
    1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır.
     Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd olunur.
    Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın enerji strategiyası bu gün möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında yeni dövrün tələblərinə uyğun davam etdirilir, dinamik inkişafı, dərin islahatları təmin edərək Azərbaycanı yeni-yeni zirvələrin fəthinə doğru aparır. 14 sentyabr 2017-ci il tarixdə Bakıdakı Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması mərasimi keçirildi. Yeni müqavilə hasilat müddətini 2050-ci ilə qədər uzadır.
    “Əsrin müqaviləsi”nin imzalanmasının 24-cü ildönümü və “Neftçilər günü” münasibətilə Dünya dəniz neftinin beşiyi olan Neft Daşlarında “20 sentyabr - Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən "Neft Daşları" NQÇİ-nin rəisi Qoçalı Mahmudov bildirdi ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Q.Mahmudov, həmçinin Azərbaycanın həyata keçirdiyi neft strategiyasından, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm roldan danışıb.
    Neft Daşları inzibati ərazisi üzrə  nümayəndəsi Faiq Kərimov çıxış edərək, əvvəlcə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun Neft Daşları əməkçilərinə bayram təbrikini oxudu, sonra isə ölkə iqtisadiyyatının ən öncül sahəsi olan neft-qaz sahəsində yorulmadan çalışan dəniz neftçilərinə öz ürək sözlərini, ən xoş arzularını çatdırdı.
    Yığıncağın sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edildi.
    Tədbir konsert proqramı ilə davam etdi.
 
 
Keçidlər