Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Beynəlxalq Ahıllar Günü qeyd edildi

01 oktyabr 2018 | 11:00
    Pirallahı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı “Beynəlxalq Ahıllar Günü” münasibətilə  Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində tədbir keçirildi. Mərasimdə  Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon rəsmiləri və ziyalıları, eləcə də yaşlı nəslin nümayəndələri iştirak etdilər.
     Tədbiri giriş sözü ilə açan Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanovun  təbriklərini tədbir iştirakçılarına çatdırdı və daha sonra dövlət tərəfindən ahıllara göstərilən diqqət və qayğıdan danışdı. Natiq bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmişdir və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. “Beynəlxalq Ahıllar günü” ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu inkişaf prosesi 2003-cü ildən sonra da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında müvəffəqiyyətlə davam etdirilmişdir. Bu gün möhtərəm Prezident İlham Əliyev ölkəmizin inkişaf strategiyasını 20-30 il bundan qabağa planlaşdırır və bu inkişafda ahılların da öz yeri vardır. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Qeyd edildi ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir.
     Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov Beynəlxalq Ahıllar Günü ərəfəsində bütün dünyada olduğu kimi, Respublikamızın şəhər və rayonlarında icra hakimiyyətləri, əmək kollektivləri, ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları rayon ərazisində yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlərin həyata keçirdiklərini qeyd etdi. Bildirdi ki, həmin tədbirlərdə Respublika üzrə on minlərlə ahıl və əlil vətəndaş bayram süfrələrinə dəvət olunur, onlara ərzaq paylanır, maddi yardım göstərilir.
     Tədbirdə iştirak edən ahıllar onlara göstərdikləri diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
      Bayram süfrəsi ətrafında keçirilən tədbir maraqlı konsert proqramı ilə davam etdi. Ahıllar rəqs edib, şənləndilər.
 
 
 
Keçidlər