“Abşeronneft” NQÇİ-nin əməkdaşları ilə maarifləndirici tədbir keçirilmişdir
18 fevral 2025 | 17:10
Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 fevral 2025-ci il tarixində Pirallahı rayonunda fəaliyyət göstərən “Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsində “Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması”, “Kibercinayətkarlığa qarşı mübarizə” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin məsul əməkdaşları, 45 saylı Şəhər Poliklinkası Pirallahı məntəqəsinin həkim-terapevti iştirak etmişdir.
Pirallahı Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Elman Kazımov informasiya təhlükəsizliyi dövlətin təhlükəsizliyinin tərkib hissələrindən biri olduğunu qeyd edərək, müasir informasiya texnologiyalarının tətbiqinin yeni növ cinayətlərin meydana çıxmasına, xüsusilə elektron hesablama maşınlarının, sistemlərinin və kompüter şəbəkələrinin işinə qanunsuz müdaxiləyə, kompüter məlumatlarının oğurlanmasına, mənimsənilməsinə, geniş yayılmış kibercinayətkarlığa səbəb olduğunu bildirmişdir. Kibercinayətkarlığın qarşısının alınması, bu sahədə profilaktik, habelə digər təşkilatı-hüquqi mexanizmlərin müəyyən olunması istiqamətində ölkəmizdə kompleks işlər görülərək, bu cinayətlə mübarizə tədbirlərini əhatə edən normativ-hüquqi aktlar, Dövlət Proqramları, xüsusi layihələr qəbul edilməklə və icra olunmaqla digər sahəvi qanunvericilik normalarının inkişafına dövlətimiz tərəfindən əlavə dəstək verildiyini, müvafiq qurumlar tərəfindən maarifləndirici fəaliyyət həyata keçirildiyini qeyd etmişdir.
45 saylı Şəhər Poliklinkası Pirallahı məntəqəsinin həkim-terapevti Afət Hüseynzadə narkotik maddələrin insan sağlamlığı üçün törətdiyi fəsadlardan ətraflı danışaraq, gəncləri bu bəladan uzaq olmağa çağırmışdır.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev çıxışında erkən nikahların yeniyetmələrin təhsildən yayınması ilə nəticələndiyini, sonrakı dövrlərdə ailələrdə bir sıra problemlərə, o cümlədən nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər, həmçinin digər mənfi halların müşahidə olunmasına səbəb olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Natiq eyni zamanda rayonumuzda müvafiq dövlət qurumları tərəfindən mütəmadi olaraq yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, o cümlədən narkomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası, kibercinayətkarlığa qarşı mübarizə, erkən nikahların qarşısının alınması, ailə dəyərləri haqqında, böyüməkdə olan gənc nəslin mənəvi tərbiyəsi, şəxsiyyət kimi formalaşması istiqamətində maarifləndirmə tədbirləri təşkil olunduğunu qeyd etmişdir.
Sonda iştirakçılar tərəfindən qaldırılan suallar ətraflı cavablandırılmışdır.