Şriftin ölçüsü :

Saytın rəngi :

Antiterror əməliyyatları zamanı şəhid olmuş kiçik leytenant Tural Cahangirovun əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir

20 sentyabr 2024 | 14:22
        20 sentyabr 2024-cü il tarixində Pirallahı rayonunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri zamanı şəhid olan, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən "Vətən uğrunda", İgidliyə görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni" ilə təltif olunmuş kiçik leytenant Tural Qələmhüseyn oğlu Cahangirovun anım mərasimi keçirildi. Mərasimdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili Günay Əfəndiyeva, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov, Ağsaqqallar Şurasının sədri Əli Kərimov, RİH başçısı Aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri, müharibə iştirakçıları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
       Mərasim şəhidin məzarının ziyarət olunması ilə başlayıb. Şəhidin məzarı önünə çiçəklər düzülüb və ruhuna dualar oxunub.
      Anım mərasimində çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Tural Cahangirovun ailəsinə dərin hüznlə başsağlığı verib, vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə valideynlərinə təşəkkür edib və onlara səbr diləyib. O, çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror tədbirlərində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Prezident-ordu-xalq vəhdətinin, birliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyi, suverenliyimizin və haqq-ədalətin bərpa olunduğunu bildirib. Üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində əzəmətlə dalğalandığını vurğulayan natiq bu günün tarixi nöqteyi-nəzərdən çox mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. 19 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Sərəncam imzalamışdır. Bu Sərəncama əsasən  hər il sentyabrın 20-si “Dövlət Suverenliyi Günü” kimi qeyd olunacaqdır. Vətən uğrunda ən şirin nemət olan canını fəda etməklə ən uca zirvəyə yüksələn Turalın və onun kimi yüzlərlə mərd və cəsarətli oğulların xatirəsinin qədirbilən xalqımız tərəfindən unudulmayacağını söylən V.İmanov şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlərdən bəhs edərək qeyd etmişdir ki, hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşılır.
         Şəhidin doğmaları və yaxınları  onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
        Onu da qeyd edək ki, bu gün şəhidin azyaşlı övladının ad günüdür. Bu münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhidin ailəsi ziyarət olunaraq uşaqlarına hədiyyələr təqdim edilmişdir.
       Allah şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər