Aprel döyüşlərinin 10-cu ildönümü və Şəhid Sarvan Mehraliyevin anım günü qeyd edilib
03 aprel 2026 | 17:16
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, rayon MKTB-nin rəisi Həsən Cəfərzadə, Pirallahı qəsəbə məscidinin axundu Mübariz Rəhimov və rayon ictimaiyyəti tərəfindən Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Mehralıyev Sarvan Natiq oğlunun ailəsi ziyarət edilib. Daha sonra 186 saylı tam orta məktəbdə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, igid Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi şücaətdən, bir sıra vacib yüksəkliklərin və yaşayış məntəqəsinin azad edilməsindən, qazanılan tarixi qələbədən danışılıb. Bildirilib ki, şəhidlərimizin qisası yerdə qalmayıb. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmənə ağır zərbələr endirilib və müharibə ordumuzun böyük qələbəsi ilə başa çatıb.
Şəhidin qardaşı şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdir.






