Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərinin şəhidi Sarvan Mehralıyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir

03 aprel 2023 | 12:45
     3 aprel 2023-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və 186 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Aprel döyüşlərinin şəhidi Mehralıyev Sarvan Natiq oğlunun anım günü ilə əlaqədar 186 nömrəli tam orta məktəbin akt zalında Sarvan Mehralıyevin xatirəsinə həsr olunmuş Zəfərə aparan yol - Aprel döyüşləri” adlı tədbir keçirilmişdir. Anım tədbirində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov, YAP Pirallahı rayon Təşkilatının sədr müavini Məcid Əhmədov, şəhidin ailə üzvləri, sinif yoldaşları, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçıları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etmişdir.
       Tədbirdə ilk öncə dövlət himni səsləndirilmiş, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhid Sarvan Mehralıyevin əziz xatirəsinə həsr edilən“Şəhidlər ölməz” adlı filmə baxılmışdır.
      186 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılov çıxış edərək vurğulamışdır ki, Sarvan məktəbin bütün tədbirlərində fəal iştirak edən intizamlı bir şagird, hər an ehtiyac duyana köməyə gəlməyə hazır olan etibarlı dost, bir çox yarışlarda uğur qazanan məharətli idmançı, Vətəni böyük məhəbbətlə sevən igid gənc olmuşdur. Əslən Xocalı rayonunun Meşəli kəndindən olan və ailəsi ilə birlikdə Pirallahı rayonunda müvəqqəti məskunlaşan Mehralıyev Sarvan Natiq oğlu 1997-ci il iyulun 8-də anadan olub. Qardaşı Namiqlə birgə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi tərəfindən 2015-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağırılan, hər ikisi cəbhə xəttindəki “N” saylı hərbi hissəsində xidmətə başlayıblar. Xidmətdə olduqları 10 ay müddətində nümayiş etdirdikləri nizam-intizama, bir neçə dəfə mühüm hərbi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiklərinə görə fəxri fərman və təşəkkürnamə ilə təltif ediliblər. Aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən hər iki qardaş qaynar döyüş gedən ön mövqedə döyüşüblər. Düşmənin təhlükəli atəş nöqtəsini susduran, bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edən Sarvan Lələtəpəyə ilk olaraq çatmış və burada qəhrəmancasına şəhid olmuşdur. Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
      Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev tədbirin əhəmiyyətindən danışaraq vurğulamışdır ki,  yeniyetmələrə vətənpərvərlik hissinin aşılanması onların milli ruhda böyüməsi üçün belə tədbirlərin yeri əvəzsizdir. Ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə şagirdlərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Məktəbin fəxri olan Sarvan Mehralıyev yüksək mənəvi əxlaqi keyfiyyətləri sinif otaqlarından əxz edərək öz qəhrəmalıq hekayəsini yazaraq şəhidlik zirvəsinə ucalmışdır. Şəhid ailələri və müharibə iştirakçılarının hər zaman dövlətin diqqət və qayğısında olduğunu bildirən natiq vurğulamışdır ki, şəhidlərimizin əziz xatirəsi hər zaman xalqımız tərəfindən ehtiramla anılır.
      Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı Süpay Məmmədov şəhidin keçdiyi qısa, lakin dərin mənalı, bir çox nəsillərə örnək ola biləcək həyat yolundan geniş söhbət açaraq bildirmişdir ki, Vətən uğrunda bir an tərəddüd etmədən canını fəda etmiş igidlərdən biri Sarvan Mehralıyevdir. Bütün Pirallahı gənclərini Sarvandan nümunə götürməyə, vətəni Sarvan kimi sevməyə, ali məqsədlər, müqəddəs amallar uğrunda döyüşə hazır olmağa çağıran natiq, qeyd etmişdir ki, 2016-cı ilin aprel ayının əvvələrində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, işğalçının 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.   
       YAP Pirallahı rayon Təşkilatının sədr mavini Məcid Əhmədov aprel döyüşlərinin mahiyətindən danışaraq qeyd etmişdir ki, Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazaraq böyük Zəfərimizin başlanğıcının əsasını qoymuşdular. Bu Zəfərin qazanılmasında Sarvan kimi Vətən övladları müqəddəs şəhidlik zirvəsinə ucalaraq Qarabağı düşmən işğalından azad etmişlər.
      Sonda şəhidin qardaşı Namiq Mehralıyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Keçidlər