“Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir”
30 may 2024 | 10:13
29 May 2024-cü il tarixdə N.S.Teymurov adına 231 №li tam orta məktəbdə il ərzində davam etdirilən “Heydər Əliyev” dərslərinin yekunu ilə əlaqədar tədbir keçirildi. Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərinin və müəllim, şagird kollektivinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı. Daha sonra açılış nitqi ilə çıxış edən məktəbin direktoru Lamiyə Quliyeva il ərzində keçirilən tədbirlərlə bağlı hesabat təqdim etdi. Bildirildi ki, dərslər Prezident İlham Əliyevin 2022-ci il 28 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən təşkil edilib və hər ayın sonuncu həftəsinin cümə günləri keçirilməkdədir. Rayon ərazisində fəaliyyət göstərən bütün məktəblərin 10 və 11-ci sinif şagirdlərini əhatə edən dərslər tarix müəllimləri tərəfindən aparılmaqdadır. Vurğulandı ki, yekun dərs “Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir” mövzusuna həsr olunmuşdur.
Yekun dərs 186 №li tam orta məktəbin direktoru Elzamin Həsənov tərəfindən tədris edildi. Geniş nitqlə çıxış edən E.Həsənov, şagirdlərə Heydər Əliyev irsi barədə məlumat verdi. Bildirildi ki, Heydər Əliyev fenomeni iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik etmiş və hər iki sistemdə görkəmli dövlət və siyasi xadim kimi Azərbaycanın iqtisadiyyatını möhkəmlətmiş, onun şöhrətini, nüfüzunu yüksəklərə qaldırmış, milli mənafeyini, milli mentalitetini, mədəniyyət və mənəviyyatını qorumuş və inkişaf etdirmişdir. O, hələ sovet hakimiyyəti illərində Azərbaycan xalqının milli mənafelərinin qorunub saxlanılması üçün böyük addımlar atmışdır. Heydər Əliyev sovet dövründə Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldıran görkəmli dövlət xadimidir. Məhz onun xidmətləri sayəsində Azərbaycan keçmiş Sovetlər İttifaqında ən inkişaf etmiş respublikalardan birinə çevrilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi və möhkəmləndirilməsi də Heydər Əliyevin adı və mübarizəsi ilə üzvi surətdə bağlıdır. Əgər Heydər Əliyev 1993-cü ilin yayında xalqın səsinə səs verib qayıtmasaydı bu gün gördüyümüz güclü, qüdrətli, qalib Azərbaycan olmayacaqdı. Onun dönüşü ölkədə sabitliyə, inkişafa, rifaha meydan yaratdı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. O da vurğulandı ki, bu gün onun siyasi irsinin layiqli davamçısı, ideyalarının sadiq izləyicisi dövlət başçımız İlham Əliyev Azərbaycanı günü-gündən inkişaf etdirir, nüfuzunu yüksəldir və dövlət mənafelərini beynəlxalq arenalarda qətiyyətlə müdafiə edir. Bu gün ölkəmizin səsi ən yüksək tribunalardan gəlir. Hər ötən gün zəfərlərimizə yeniləri əlavə olunur.
Tədbir bədii hissə ilə davam etdi. Məktəblilərin ifasında rəqs nömrələri, kompozisiyalar nümayiş olundu, şeirlər sələndirildi. Xatirə şəklinin çəkdirilməsi ilə tədbir sona çatdı.