“Azərbaycanın Milli Qəhrəmanı” Rasim İbrahimovun doğum günü ilə bağlı tədbir keçirilib
18 aprel 2023 | 15:14
18 aprel 2023-cü il tarixində Çilov qəsəbəsində "Azərbaycanın Milli Qəhrəmanı" Rasim İbrahimovun doğum günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Pirallahı RİH başçısının Çilov qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüsal Fərəcov, “28 May NQÇİ”-nin rəis müavini Ələddin Mürsəlov, qəsəbədə fəaliyyət göstərən idarə müəssisə və təşkilatların nümayəndələri və qəsəbə sakinləri iştirak etmişdir.
Rasim İbrahimov 18 aprel 1962-ci ildə Bakı şəhəri Pirallahı rayonunun Çilov adasında neftçi ailəsində anadan olub. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İbrahimov 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan R.İbrahimov, 1992-ci il 28 iyun Xocavənd rayonunun Tuğ kəndi uğrunda girdiyi döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Rasim Səxavət oğlu İbrahimov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Çilov adasında abidəsi ucaldılıb, adına park salınıb. Vaxtilə təhsil aldığı 131 saylı orta məktəb onun adını daşıyır.
Tədbirdə çıxış edən natiqlər Milli Qəhrəmanın keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışaraq qeyd etmişdilər ki, vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ucalığa yüksələnlərin, bu şərəfi daşıyanların adlarının daim hörmətlə xatırlanacağına əminliyini ifadə edən çıxışçılar vurğulamışdılar ki, özlərindən sonra bitib tükənməyən qəhrəmanlıq salnamaləri yazan bu igidlər gələcək nəsillərə örnəkdir. R.İbrahimov vətənpərvər, əxlaqlı, nümunəvi və qorxmaz bir zabit olduğu xüsusi vurğulanmışdır. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi dövlətimiz və millətimiz tərəfindən daima yüksək tutularaq ehtiramla anılır.
Tədbirin sonunda məktəblilərin ifasında vətənə və şəhidlərə həsr olunmuş şeirlər səsləndirildi.