Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri Pirallahı rayonunda Ümummilli Lider Heydər Əliyevin 99-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam etdirilir

10 may 2022 | 10:32

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahı rayonunun  yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan  sonra rayonda geniş quruculuq və abadlıq işlərinə start verildi. Qısa müddət ərzində uzun illər baxımsızlıqdan, antisanitar vəziyyətdən əziyyət çəkən rayonunun bütün qəsəbələrində abadlıq işləri geniş vüsət aldı. Ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması prioritet istiqamət kimi müəyyənləşdirildi ki, bu da insanların sağlamlığı və asudə vaxtlarını səmərəli keçirməsi, ekoloji tarazlığın qorunması və bu kimi vacib məsələlərin həllində mühüm rol oynadı. Bu müddət ərzində rayonumuzda mütəmadi olaraq iməcliklər təşkil olunmuş, ağacəkmə aksiyaları keçirilmiş, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində müvafiq işlər görülmüşdür.
         Növbəti aksiya 10 may 2022-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar keçirildi. Tədbir zamanı rayon mərkəzinin girişində 99 ədəd ağac və 1600-dən çox gül kolları əkildi. Ağaclara aqrotexniki qaydada qulluq edildi. Bildiyimiz kimi ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər Heydər Əliyev  ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  həyata keçirilən  çoxşaxəli siyasətin məntiqi nəticəsi olaraq davamlı inkişaf tempi  ölkə həyatının bütün sahələrində  özünü göstərdi.  Bura  ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində  aparılan ardıcıl iş, əldə olunan uğurlu nəticələr də  daxildir.  Həmin ildən başlayaraq,  paytaxtın yaşıllaşdırılmasına,  ekoloji tarazlığın bərpasına start verildi.
        Qeyd edək ki, Pirallahı rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər təşkil olunmuşdur. Rayonun bütün idarə, müəssisə və təşkilatlarında, eləcə də ümumrayon səviyyəsində müxtəlif idman növləri üzrə yarışlar, turnirlər, tədbirlər keçirilmiş, Çilov, Neft Daşları, Gürgən qəsəbələrində, xüsusilə rayon mərkəzində müxtəlif növ ağac və gül kolları əkilmişdir. Hər həftənin şənbə günü iməciliklər təşkil edilmiş, abadlıq, təmizlik işləri aparılmışdır. Məlumat üçün bildirək ki,  “İDEA” İctimai Birliyinin dəstəyi ilə rayon yaradıldığı 2013-cü il tarixindən bu günədək 300 mindən artıq  ağac və gül kolları əkilərək yaşıllıq zolaqları salınmışdır.
        Diqqətə çatdıraq ki, rayon ərazisində aparılan bu işlər əhali tərəfindən müsbət qarşılanır. Salınan parklar, yaşıllıqlar digər istirahət və sosial təyinatlı obyektlər rayonun həm yerli əhalinin səmərəli istirahətinə, həm də turizmin inkişafına xidmət edəcəkdir.

Keçidlər