“Beynəlxalq Ailə Günü”nə həsr olunmuş "Ənənələrimiz gələcəyimizdir: Ailə və milli dəyərlərin qorunması" mövzusunda maarifləndirici konfrans keçirilmişdir
14 may 2025 | 16:59
14 may 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı Gənclər Evində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş "Ənənələrimiz gələcəyimizdir: Ailə və milli dəyərlərin qorunması" mövzusunda maarifləndirici konfrans keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, “Ailə Sağlamlıq Mərkəzi”nin həkim-pediatrı İlhamə Balayeva, Pirallahı qəsəbə Məscidinin imamı Mübariz Rəhimov, Ağsaqqallar Şurasının üzvü Fazil Məhəmmədov, Pirallahı Gənclər Evinin direktoru Səkinə Məmmədova və rayonun nümunəvi ailələri iştirak etmişlər.
Konfrans Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Ardınca tədbir iştirakçılarına mövzuya uyğun videoçarx təqdim edilmişdir.
Konfransı giriş sözü ilə açan Arzu Abdullayev günün tarixi və əhəmiyyəti barədə geniş çıxış edərək bildirmişdir ki, ailə cəmiyyətin fundamental əsasını təşkil edir. Ailə insanın dünyanı tanıdığı ilk mühit, ilkin tərbiyə ocağı və şəxsiyyətin formalaşdığı mənəvi məktəbdir. O qeyd etmişdir ki, Azərbaycan dövləti hər zaman ailə siyasətinə xüsusi önəm vermiş, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən strateji yanaşma nəticəsində ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, sosial rifahın artırılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə göstərdiyi xüsusi diqqət və milli-mənəvi dəyərlərin beynəlxalq səviyyədə təbliği sahəsindəki fəaliyyəti də vurğulanmışdır.
Daha sonra “Ailə Sağlamlıq Mərkəzi”nin həkim-pediatrı İlhamə Balayeva çıxış edərək bildirmişdir ki, sağlam ailələrin təməli sağlam gənclərdən başlayır və bu, gələcəkdə vətənpərvər, nümunəvi nəsillərin yetişməsinə şərait yaradır. O, valideyn məsuliyyətinin təkcə maddi təminatla deyil, həm də uşaqların emosional və mənəvi inkişafının təmin olunması ilə bağlı olduğunu vurğulamışdır.
Pirallahı qəsəbə Məscidinin imamı Mübariz Rəhimov isə çıxışında ailədə sədaqət, qarşılıqlı anlayış və dözümlülüyün vacibliyini qeyd etmişdir.
Ardınca çıxış edən Ağsaqqallar Şurasının üzvü Fazil Məhəmmədov nəsillərarası bağların milli dəyərlərin ötürülməsi baxımından əhəmiyyətini vurğulayaraq, bu cür tədbirlərin cəmiyyətin mənəvi bütövlüyünün qorunmasında mühüm rol oynadığını qeyd etmişdir. O əlavə etmişdir ki, ağsaqqallar cəmiyyətin mənəvi dayağı kimi gənc ailələrə dəstək olmalı, onlara örnək göstərməlidirlər.
Tədbirin yekununda rayonun nümunəvi ailələrindən olan Babayevlər ailəsinin xanım nümayəndəsi Dilbazi Babayeva və gənc ailə başçısı Məcid Səttarov çıxış edərək ailə dəyərlərinin qorunub saxlanmasının zəruriliyini vurğulamışlar. Dilbazi Babayeva ailədə qadının rolunun yalnız ana və həyat yoldaşı kimi deyil, həm də milli-mənəvi dəyərlərin qoruyucusu və ötürücüsü kimi əhəmiyyət daşıdığını bildirmişdir. Məcid Səttarov isə qeyd etmişdir ki, müasir dövrün çağırışlarına baxmayaraq, ailə dəyərlərinin unudulmaması və nəsillərdən-nəsillərə ötürülməsi hər bir gəncin məsuliyyətidir.
Tədbir iştirakçılarının birgə xatirə şəkli çəkdirməsi ilə konfrans öz işini başa çatdırmışdır.