Şriftin ölçüsü :

Saytın rəngi :

“COP29 dünyanı yaşıl sülhə boyayacaq” mövzusunda tədbir keçirilib

30 may 2024 | 14:02
       29 may 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu və “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin birgə əməkdaşlığı ilə “COP29 dünyanı yaşıl sülhə boyayacaq” mövzusunda tədbir keçirilib. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının da iştirak etdiyi tədbirdə Təhsil İnstitunun şöbə müdiri, dosent Aynur Paşayeva və digər əməkdaşlar maarifləndirici çıxışlarla iştirak etmişdir.
      Tədbiri giriş sözü ilə açan ARTİ-nin şöbə müdiri, dosent Aynur Paşayeva mövzunun aktuallığından, ekoloji biliklərin təbliğindən, vətəndaş cəmiyyətinin inkişafında bu kimi məsələlərin xüsusi əhəmiyyətindən bəhs edərək gənc nəslin tərbiyəsində ekoloji dünyagörüşün formalaşmasının, ətraf mühitin qorunmasının əhəmiyyətini xüsusi vurğulayıb. Çıxışda ölkəmizdə COP29 tədbirlər planına uyğun genişmiqyaslı işlərin görülməsi, aksiyaların təşkil edilməsi və ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin bugünkü vacib məsələlərdən olduğu qeyd edilib.
        Daha sonra ARTİ-nin baş mütəxəssisi Humay Cəbiyeva və aparıcı mütəxəssisi Günay Hüseynova çıxış edərək iqlim dəyişikliyi və onun canlı aləmə təsirindən, ətraf mühitin qorunub saxlanılmasının vacibliyindən danışıb. Eyni zamanda, iqlim dəyişikliklərinin törədə biləcəyi fəsadlardan və gözlənilən çətinliklərin aradan qaldırılması məqsədilə dünya ölkələrinin görəcəyi tədbirlərdən bəhs edib. 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Flora Mahmudova azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasından, həmin ərazilərdə “yaşıl zona”, “yaşıl enerji”, “yaşıl iqtisadiyyat” kimi innovativ yanaşmaların tətbiq edilməsindən danışıb.
       Sonda Pirallahı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev çıxış edərək Azərbaycanda iqlim dəyişikliyinin təsirlərindən, bəşəriyyətə vurduğu ziyanlardan, bu sahədə görülən qabaqlayıcı tədbirlərdən danışıb və nəticə olaraq maarifləndirmə işlərinin gücləndirilməsində bütün insanların üzərinə düşən böyük məsuliyyətdən bəhs edib. Əlavə olaraq A.Abdullayev vurğulayıb ki, ölkə başçısının müvafiq Sərəncamının rayon ərazisində yüksək səviyyədə təmin edilməsi məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən Tədbirlər Planı hazırlanmış, Plana uyğun olaraq ötən aylar ərzində çoxsaylı tədbirlər, dəyirmi masa və konfranslar, o cümlədən, yaşıllaşdırma, ağacəkmə və iməcilik aksiyaları keçirilmiş, bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərləşdirilməsi istiqamətində müvafiq addımlar atılmışdır. Natiq işlərin bundan sonra da artan templə davam edəcəyini vurğulamışdır.
        Tədbir zamanı mərkəzin yaradıcı şagirdlərinin rəsm əsərlərinin sərgisi, rəqsləri, ədəbi-bədii kompozisiyası və COP29-la bağlı sənədli film nümayişi maraqla qarşılanıb.
Keçidlər