Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa mənfi təsiri”, “Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması” və “Kibercinayətkarlığa qarşı mübarizə” məqsədilə maarifləndirici konfrans keçirilmişdir

23 sentyabr 2024 | 14:28
 23 sentyabr 2024-cü il tarixdə  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən 186 nömrəli tam orta məktəbdə “Erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa mənfi təsiri”, “Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması” və “Kibercinayətkarlığa qarşı mübarizə”  mövzusunda maarifləndirici konfrans keçirilmişdir.
 Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Elman Kazımov,  Ailə, Qadın və Uşaq Problemleri üzrə dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə dəstək mərkəzinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Mövzular ətrafında çıxış edən natiqlər vurğulamışdır ki, narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. O da qeyd olunmuşdur ki, bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının və hüquq mühafizə orqanlarının daimi diqqət mərkəzindədir.
Eyni zamanda qeyd edilmişdir ki, cəmiyyətimizi narahat edən məsələlərdən biri erkən nikah hallarının baş verməsidir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin müxtəlif risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub. Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, bir çox Dövlət Proqramları vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində milli konsepsiyasının inkişafında xüsusi rol oynayır.
Əlavə olaraq bildirildi ki, informasiyalaşdırma müasir cəmiyyətin həyatında xarakterik cəhətlərdən biri hesab olunur. Cəmiyyət tədricən öz informasiya infrastrukturunun vəziyyətindən müəyyən asılılıq vəziyyətinə düşür. Artıq qloballaşma və informasiya dövrünün tələblərinə müvafiq olaraq milli qanunvericilik sistemləri də əhəmiyyətli dərəcədə modern dəyişikliklərə məruz qalmaqdadır. Bu gün dünyanın əksər ölkələri surətlə inkişaf edən müasir İKT sistemlərinə nüfuz etdikcə milli qanunvericiliklərdə də müasir beynəlxalq hüquq norma və prinsiplərinin tələblərinə uyğun rasional dəyişiklik və inkişaf müşahidə olunur. Kibercinayətkarlığın qarşısının alınması, bu sahədə profilaktik, habelə digər təşkilatı-hüquqi mexanizmlərin müəyyən olunması istiqamətində ölkəmizdə kompleks işlər görülərək, bu cinayətlə mübarizə tədbirlərini əhatə edən normativ-hüquqi aktlar, Dövlət Proqramları, xüsusi layihələr qəbul edilməklə və icra olunmaqla digər sahəvi qanunvericilik normalarının inkişafına dövlətimiz tərəfindən əlavə dəstək verilir, müvafiq qurumlar tərəfindən maarifləndirici fəaliyyət həyata keçirilir. 
Sonda mövzularla  əlaqəli şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
Keçidlər