“Erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və erkən nikahın mənfi fəsadlarının izah edilməsi” və “Narkomanlığa qarşı mübarizədə rayon komissiyasının rolu” mövzusunda maarifləndirici dəyirmi masa keçirilmişdir
09 dekabr 2024 | 15:33
9 dekabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən V. Mustafazadə adına Mədəniyyət Mərkəzində “Erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və erkən nikahın mənfi fəsadlarının izah edilməsi” və “Narkomanlığa qarşı mübarizədə rayon komissiyasının rolu” mövzusunda maarifləndirici dəyirmi masa keçirilmişdir
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı Rayon Polis İdarəsinin nümayəndəsi, idarə-müəssisə, təşkilatların nümayəndələri və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin kollektivi iştirak etdilər.
Mövzular ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqavimətin xeyli artırılmasının əsaslarından biridir. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayır.
Narkomanlığın qarşısının alınması Pirallahı Rayon İcra Hakimiyyətinin daimi diqqətində olmaqla səmərəli təmin edilmişdir. Rayonumuzda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınması məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya” və “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası” yaradılmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması sahəsində vətəndaş cəmiyyəti institutları, hüquq mühafizə və digər orqanlarla qarşılıqlı əlaqə yaradılmışdır.
Komissiyaların fəaliyyətinin səmərəliliyinin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meylli şəxslər barəsində vaxtında qabaqlayıcı və profilaktik işlərin görülməsi məqsədilə əməli tədbirlər həyata keçirilməkdədir.
Bu sahədə vətəndaşların aktiv fəaliyyət göstərməsi, həmçinin şəxslərin müraciət etmək imkanlarının genişləndirilməsi məqsədi ilə elektron ünvan (mail@pirallahi-ih.gov.az), elektron müraciət (pirallahi-ih.gov.az/feedback.html), etimad telefonu 5565942 açılmış və rəqəmsal icra hakimiyyəti portalına (rih.gov.az) inteqrasiya olunmuşdur. Bununla bağlı məlumatlar rayon İcra Hakimiyyətinin internet səhifəsində və məlumat lövhəsində yerləşdirilmiş, eləcədə bu barədə məlumatlar vətəndaşlara mütəmadi elan olunur.
Eyni zamanda bildirildi ki, Erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir: “Bu, həmin hallarla rastlaşan qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaradır. Bütün bunlar həyat və sağlamlıq üçün müxtəlif əngəllər törətməklə yanaşı, həmçinin risklər də yaradır. Belə hallar qeyd olunduğu kimi boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Çünki normal təhsili, peşə bacarıqları olmadığından, öz ailəsi də arxa çıxmadığından özünün gündəlik tələbatlarını reallaşdırmaq bu qadınlar üçün mümkünsüz olur, bəzən də onlar cinayətkar insanların təsiri altına düşə bilirlər”.
Sonda verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzular ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.