Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi, erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa mənfi təsiri mövzusunda maarifləndirici tədbir keçirildi
07 dekabr 2022 | 16:03
07 dekabr 2022-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən 186 nömrəli tam orta məktəbin akt zalında “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi, erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa mənfi təsiri” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayon Polis şöbəsinin məsul əməkdaşı, "Pirallahı Tibb Mərkəzi" publik hüquqi şəxsin nümayəndəsi, rayon Ağsaqqallar Şurasının üzvləri, din xadimi, müəllimlər və şagirdlər iştirak etmişdir.
Tədbirdə çıxış edən natiqlər toplantının əsas məqsədinin gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi, erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa mənfi təsirlərini yeniyetmə nəsilə çatdırmaq, onları bu kimi hallardan çəkindirməkdən ibarət olduğunu qeyd edərək bildirdilər ki, hər bir dövlət gələcəyi üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil böyütməyə qadir, mənəvi təməlləri sarsılmaz olan ailə institutunun formalaşmasında maraqlıdır. Dövlət müstəqilliyinin bərpa edilməsi ilə Azərbaycan cəmiyyətinin qədəm qoyduğu tamamilə yeni siyasi quruluş, onun sosial strukturunda, sosial münasibətlərində dəyişikliklərin baş verməsinə, tamamilə yeni sosial münasibətlərin formalaşmasına və inkişafına təkan verdi. Cəmiyyətin bütün sosial qurumlarında baş verən bu proseslərin ailə institutuna, ailə dəyərlərinə, bütövlükdə sosiallaşma institutları adlanan, gənc nəslin dünyaya gəlməsi və yetişdirilməsi ilə bağlı olan bütün strateji sistemə nüfuz etdi. Dövlətin sosial siyasət kursunun formalaşması, yeni institutların yaradılması və təkmilləşdirilməsi başlanğıcını götürdü. Bununla yanaşı, müstəqillikdən ötən 30 ildə xalqımızın ən vacib mənəvi və əxlaqi milli dəyəri və sərvəti olan Azərbaycan ailəsi nəinki ən etibarlı ənənəvi sosiallaşma institutu, həm də son illərə qədər dövlətin inkişafını təmin edən təməl sosial institutlardan biri olaraq mövcud olub.
Erkən nikah və qohumlar arasında nikah halları Azərbaycanda aktual ailə problemlərindən biridir. Bu halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosail cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Gənclər arasında maarifləndirmə insan hüquqlarına və azadlıqlarına hörmət edilməsi; ayrı-seçkiliyə yol verilməməsi; şəxsi və ailə həyatı sirrinin qorunması məqsədilə konfidensiallığa riayət edilməsi; ailə dəyərlərinin milli və ümumbəşəri prinsiplər əsasında təbliği; erkən nikahın və qohumlar arasında nikahın fəsadlarının elmi cəhətdən əsaslandırılması; dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin qarşılıqlı əməkdaşlığı; maarifləndirilən şəxslərin yaş və cins xüsusiyyətləri nəzərə alınmaqla maarifləndirmənin ünvanlı keçirilməsi, beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və beynəlxalq təcrübənin nəzərə alınması prinsipləri əsasında həyata keçirilir. Gənclər arasında maarifləndirmə təhsil müəssisələrində və əmək kollektivlərində gənclər arasında maarifləndirmə ilə bağlı tədbirlərin keçirilməsi, maarifləndirici və metodoloji vəsaitlərin, sosial reklamların hazırlanması və yayılmasının təşkili; kütləvi informasiya vasitələrinin, sosial medianın, təhsilin imkanlarından geniş istifadə edilməsi,internet informasiya resurslarının yaradılması vasitələrilə həyata keçirilir. Bu sahədə səmərəli işlər görülməklə müvafiq normativ aktlar, dövlət proqramları qəbul edilmiş və aidiyyəti üzrə əməli tədbirlər həyata keçirilməkdədir.
Tədbir qarşılıqlı dialoq formasında yeniyetmələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşmışdır.