“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi, erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa mənfi təsiri, uşaqların və gənclərin vətənpərvərlik, ailə və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda maarifləndirici tədbir keçirilib
16 dekabr 2022 | 15:55
16 dekabr 2022-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 243 nömrəli tam orta məktəbin akt zalında “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi, erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa mənfi təsiri, uşaqların və gənclərin vətənpərvərlik, ailə və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Pirallahı RPŞ-nin nümayəndəsi Elvin Məmmədov, "Pirallahı Tibb Mərkəzi"nin həkimi Arzu Ağayeva, həmçinin digər aidiyyəti orqanların nümayəndələri, müəllimlər və şagirdlər iştirak etmişdir.
Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev, Pirallahı RPŞ-nin nümayəndəsi Elvin Məmmədov, məktəbin tarix müəllimi Famil Hüseynov və digər məsul şəxslər çıxışlar edərək, mövzu ətrafında şagirdlərə geniş məlumatlar vermişlər. Natiqlər öz çıxışlarında bildirdilər ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların məcburi ailə qurması və birgə yaşamasıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununa həmçinin 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Bu hallarla rastlaşan qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaradır. Bütün bunlar həyat və sağlamlıq üçün müxtəlif əngəllər törətməklə yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Eyni zamanda, natiqlər qeyd etdilər ki, Azərbaycan dövləti gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyat üçün əhəmiyyətli məsələ kimi baxmışdır. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.
Daha sonra şagirdlərin rəsm işlərindən ibarət sərgiyə baxış keçirilmiş və şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.