Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunmuş tədbir keçirilib
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə 19 aprel 2022-ci il tarixdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Hərbi vətənpərvərlik və ideoloji şöbənin müdiri-ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Vətən müharibəsi veteranları və Pirallahı rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.
Tədbir Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi və vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlamışdır.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hərbi vətənpərvərlik və ideoloji şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev keçdiyi döyüş yolundan ətraflı danışaraq qeyd etmişdir ki, tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə-gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda dövlətimizə və milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanmasından ibarətdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq idealogiyasının inkişafı sahəsində misilsiz xidmətlər göstərdiyini xatırladan A.Haqverdiyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük müharibə zamanı düşmən üzərində qazandığı Zəfərdən, xalqımızın bir yumruq kimi həmrəy olub düşməni məğlub etməsindən danışmışdır. Vətənimizin ərazi bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin daim hörmət və ehtiramla anıldığını qeyd edən natiq Azərbaycan xalqının daim öz qəhrəmanları ilə seçildiyini bildirərək vurğulamışdır ki, şəhidlərimizin keçdiyi şərəfli yolu öyrənmək və təbliğ etmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
Daha sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov çıxış edərək bildimişdir ki, bu qəbildən olan tədbirlər gənclərimizə Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması milli mənəviyyatın formalaşması baxımından əhəmiyyətli rola malikdir. Cənab Prezident tərəfindən şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayan natiq zəfərimizdə payı olan hər kəsin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir. S.Məmmədov vətən uğrunda döyüşən qəhrəman oğullarımızın yazdığı tarixin bundan sonrakı dövrdə bir qəhrəmanlıq salnaməsi kimi gələcək nəsillərə də ötürüləcəyinə əmin olduğunu bildirmişdir.
Pirallahı rayonu 186 №li tam orta məktəbin 8-ci sinif şagirdi Xanım Tağıyeva çıxış edərək vurğulamışdır ki, hər bir gənc düşmənlə mübarizədə şücaət göstərmiş vətənpərvər övladları ilə qürur duyur, müasir Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhunda tərbiyə alaraq vətənimizə layiqli övladlar kimi yetişir.
Tədbirin sonunda Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin 3a sinif şagirdlərinin ifasında “Vətən” adlı kompozisiya təqdim edilmişdir.