Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə tədbirlər keçirilib
Aprelin 28-də Pirallahı rayonunda yerləşən ümumtəhsil məktəblərində görkəmli oftalmoloq-alim, akademik, əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilib.
Tədbirlərdə şagirdlərə adı oftalmologiya elminin tarixinə qızıl hərflərlə yazılan Zərifə xanım Əliyevanın Azərbaycanda bu sahənin inkişafına verdiyi töhfələrdən geniş bəhs edilib. Onun rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım Əliyeva Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. O, illərlə fəaliyyət göstərdiyi sahə üzrə minlərlə insanın sağalaraq göz xəstəliklərindən xilas olması üçün çalışmışdır. Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Görkəmli oftalmoloq alimin elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsində xidmətləri misilsizdir. Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elminin beynəlxalq aləmdə tanınmasında müstəsna rol oynamışdır.
Cəmiyyətin həyatında fəal rol oynayan Zərifə xanım ailəsinə son dərəcə bağlı bir qadın, gözəl ana idi. Öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirən bu xanımı bir qadın, bir alim və həkim kimi cəmiyyətin inkişafına xidmət edən ailəsindən ayrı düşünmək olmazdı. Zərifə xanım analıq vəzifəsinin öhdəsindən də çox gözəl gəlmişdir. Onun təmkinliliyi, səbirliliyi, ağlı, savadı və digər müsbət xüsusiyyətləri övladları - cənab Prezident İlham Əliyevin və tarix üzrə fəlsəfə doktoru Sevil Əliyevanın da onun yolunu getməsinə köməkçi olmuşdu. Biz, bu ailəyə - Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya minnətdarıq ki, qəlblərində daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirmişlər. Yüksək keyfiyyətlərin mövcud olduğu belə bir ailədə İlham Əliyev kimi övladın böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənir, Azərbaycan daha da çiçəklənib qüdrətli bir ölkəyə çevrilir.