Şriftin ölçüsü :

Saytın rəngi :

“Güclü gənclik, sağlam gələcək” mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir

12 oktyabr 2026 | 16:06
         12 oktyabr 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Gənclər evi SXM-nin birgə təşkilatçılığı 186 nömrəli tam orta məktəbin akt zalında “Güclü gənclik, sağlam gələcək” mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə “Gənclər arasında hüquq pozuntularının və zərərli vərdişlərin profilaktikası”  və “Uşaqların maraqlarına toxunan məsələlərdə hüquqi köməklik” mövzuları müzakirə edilmiş, onlarla bu istiqamətdə maarifləndirici söhbətlər aparılmışdır.
        Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova və məktəbin şagird və müəllim kollektivi iştirak etmişdir.
        Mövzular ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, narkomaniya cinayətkarlığın artmasına rəvac verir, ağır xəstəliklərə səbəb olur, mənəvi deqradasiyaya aparıb çıxarır. Sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil edir.
       Eyni zamanda qeyd edildi ki, hüquq pozuntuları və digər zərərli maddələrdən istifadə, eləcə də digər mənfi vərdişlər gənclərin sağlamlığına, təhsilinə və gələcəyinə ciddi təsir göstərə bilər. Bu halların qarşısını almaq üçün ailə, məktəb və cəmiyyət birgə fəaliyyət göstərməli, gənclər arasında hüquqi maarifləndirmə işləri gücləndirilməlidir. Hər bir gənc öz hüquq və vəzifələrini bilməli, qanunlara hörmətlə yanaşmalı, sağlam həyat tərzini seçməli və asudə vaxtını səmərəli keçirməlidir.
        Sonda tədbir zamanı verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzular ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.
Keçidlər