Gürgən qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirildi
24 may 2023 | 17:42
24 may 2023-cü il tarixində Gürgən qəsəbəsində fəaliyyət göstərən 231 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Bildirildi ki, mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasına işgüzar səfəri baş tutub. Bu gün dünya bazarında Azərbaycanın Avropa ilə Asiya arasında ən mühüm həlqələrdən biri kimi rolu getdikcə güclənir və bu, xüsusi əhəmiyyət daşıyır. Dövlətimiz bu qüdrəti ilə Litva üçün cəlbedici ticarət tərəfdaşına çevirilir və hər iki tərəfin biznes sisteminin inkişafı üçün geniş imkanlar yaradır. Yeddi azad iqtisadi zonaya, Avropanın ən inkişaf etmiş rəqəmsal infrastrukturlarından birinə, qabaqcıl nəqliyyat və logistika, həmçinin iri və şaxələndirilmiş kənd təsərrüfatı sektorlarına sahib Litva Azərbaycan ilə enerji sahəsində də qarşılıqlı önəm daşıyan əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Natiq bildirdi ki, ölkəmizin nüfuzu dünyada günü-gündən artır. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir.
Sonra natiq rayonda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonun qəsəbələrində geniş quruculuq və abadlıq işlərinə start verildi. Hal-hazırda Gürgən qəsəbəsində məhəllədaxili yollara asfalt örtüyünün döşənməsi, ətraf ərazilərin abadlaşdırılması, yaşıllıqların salınması işləri həyata keçirilir. Gələcəkdə rayon ərazisində bütün məhəllələrin və yolların abadlaşdırılması prioritet istiqamətdir.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən su təchizatı məsələsi, qəsəbədaxili yolların asfaltlanması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.