Şriftin ölçüsü :

Saytın rəngi :

Gürgən qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirildi

26 aprel 2023 | 17:52
     26 aprel 2023-cü il tarixində Gürgən qəsəbəsində fəaliyyət göstərən 231 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
      Vasif İmanov görüş iştirakçılarını salamlayaraq  qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
      RİH başçısı bildirdi ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Palanı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə bağlı rayonumuzda silsilə tədbirlər keçirilir. Qeyd edildi ki, mayın 10-da Pirallahı qəsəbəsində yerləşən Gənclər Parkında Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş möhtəşəm tədbir keçiriləcəkdir. Rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlar və sakinlər həmin tədbirdə fəal şəkildə iştirak edəcəklər.
     Sonra V.İmanov qeyd etdi ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin quraşdırılması, Azərbaycan Respublikasının dövlət sərhədinin tam nəzarətə götürülməsi milli iradəmizin təntənəsidir. Ölkəmizin son dövrlərdə Ermənistana, həm də Xankəndi və ətrafında müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarına xəbərdarlıqlarına baxmayaraq, Ermənistandan ərazilərimizə qanunsuz silah-sursat daşınması prosesi sürətlə davam etdirdi. Bu baxımdan da sərhəd-buraxılış məntəqəsinin qurulması ilə ərazilərimizə qanunsuz yüklərin daxil olmasının qarşısı alınacaq. Ölkəmizin bu hüquqi addımı bizim növbəti qələbələrimizdən biridir.
       Sonra natiq  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki,  ölkəmizin nüfuzu dünyada günü-gündən artır. Bildirildi ki, Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri baş tutub. Son illərdə Azərbaycan-Bolqarıstan əlaqələrində dinamik inkişaf müşahidə olunur. Prezident İlham Əliyevin bu ölkəyə növbəti rəsmi səfəri bunu bir daha sübut edir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verməkdir. Ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir.
     Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işsizlik, qəsəbədaxili yolların asfaltlanması və s. məsələlər ilə bağlı müraciət etdilər.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Keçidlər