Gürgən qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirildi
22 fevral 2023 | 18:29
22 fevral 2023-cü il tarixində Gürgən qəsəbəsində fəaliyyət göstərən 231 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Qəbulda YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, ölkəmizin nüfuzu dünyada günü-gündən artır. Ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir. Diqqətə çatdırıldı ki, Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək məqsədilə Almaniya Federativ Respublikasına səfər etdi. Dövlət başçımızın konfransda növbəti dəfə fəal iştirakı, orada səsləndirdiyi fikirlər və çoxsaylı görüşləri geniş maraq doğurmaqla yanaşı, Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə təqdimatı baxımından çox faydalı oldu. Eyni zamanda qeyd edildi ki, 13 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. 2025-ci ildə istismara verilməsi planlaşdırılan 1280 meqavat istehsal gücündə elektrik stansiyası heç şübhəsiz Azərbaycanın enerji təhlükəsizliyində müstəsna rol oynayacaqdır.
YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarına əsasən respublikamızın bölgələrində aparılan quruculuq və təmir-bərpa işləri Pirallahıda da uğurla həyata keçirilir.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işsizlik, qəsəbədaxili yolların asfaltlanması, kanalizasiya xəttlərinin çəkilməsi, işıq dirəklərin təmir edilməsi və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.