Şriftin ölçüsü :

Saytın rəngi :

Gürgən qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirildi

21 iyun 2023 | 17:09
     21 iyun 2023-cü il tarixində Gürgən qəsəbəsində fəaliyyət göstərən 231 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
    İcra Hakimiyyətinin başçısı Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qarşıda gələn Qurban bayramı münasibətilə ürəkdən təbrik etdi.
      V.İmanov qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
      Sonra RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir. 
      Sonra natiq rayonda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonun qəsəbələrində geniş quruculuq və abadlıq işlərinə start verildi. Hal-hazırda Gürgən qəsəbəsində məhəllədaxili yollara asfalt örtüyünün döşənməsi, ətraf ərazilərin abadlaşdırılması, yaşıllıqların salınması işləri həyata keçirilir. Eyni zamanda,   Gürgən qəsəbəsindən  keçən su kanalının lildən və məişət tullantılarından təmizlənməsi işləri həyata keçirilir. Ərazidə sanitar-epidemioloji vəziyyətin, insanların sağlam və təhlükəsiz yaşayışının, habelə ətraf mühitin mühafizəsi və bərpasının, həmçinin sözügedən kanalın fəaliyyətinin təmin edilməsi məqsədilə və əhalinin müraciətlərini nəzərə alaraq, kanalda və ətrafında aidiyyəti qurumların iştirakı ilə müvafiq texnikalar cəlb edilməklə təxirəsalınmaz tədbirlər həyata keçirilir.
      Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən su təchizatı məsələsi, fərdi yaşayış evin sənədləşdirilməsi və s. məsələlər ilə bağlı müraciət etdilər.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Keçidlər