Şriftin ölçüsü :

Saytın rəngi :

Gürgən qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirildi

26 iyul 2023 | 17:28
     26 iyul 2023-cü il tarixində Gürgən qəsəbəsində fəaliyyət göstərən 231 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
     İcra Hakimiyyətinin başçısı Vasif İmanov görüş iştirakçılarını salamlayaraq bildirdi ki,  Məhərrəm ayının 10-u Aşura günü iyulun 28-nə təsadüf edir. Avqustun 17-si Məhərrəm ayı başa çatır və 18-dən Səfər ayı başlayır. Sentyabrın 16-da isə Səfər ayı başa çatacaq. Qeyd edildi ki, hər il Məhərrəm ayında, "Aşura" günündə qanvermə aksiyaları keçirilir. Həmçinin, bildirildi ki, Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Məhərrəmlik mərasimləri ilə bağlı xüsusi qərargah yaradılmış, rayonun aidiyyəti dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının qarşısında konkret vəzifələr müəyyən olunmuşdur. Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin  zəruriliyi diqqətə çatdırıldı.
     Sonra RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir. Diqətə çatdırıldı ki, dövlət başçımız cənab İlham Əliyev ötən həftənin sonunda tarixi Zəfərimizin zirvəsi olan Şuşa şəhərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda baş tutan Qlobal Media Forumunun açılış mərasimində iştirak etdi. Milli mətbuatımızın 148-ci ildönümünə təsadüf edən və Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə baş tutan Foruma  49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılmışdı. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edirdi. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə edildi, dünyanın tanınmış və nüfuzlu media rəhbərləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər,  rəqəmsal transformasiya, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə kimi bir çox məsələləri müzakirə etdilər. Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb. Həmin müsahibə zamanı ölkə başçısı daxili və xarici siyasət prioritetlərimizin məhz Heydər Əliyev tərəfindən müəyyən edildiyi və bu günə qədər uğurla davam etdirildiyini vurğuladı.
     Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən su təchizatı məsələsi, məişət tullantılar üçün konteynerlərin yerləşdirilməsi və s. məsələlər ilə bağlı müraciət etdilər.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Keçidlər