Gürgən qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirildi
25 yanvar 2023 | 17:25
25 yanvar 2023-cü il tarixində Gürgən qəsəbəsində fəaliyyət göstərən 231 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, son 5 ildə Azərbaycanda artıq dördüncü sosial islahat paketi icra olunub, bu ilin əvvəlindən əməkhaqqı və sosial ödənişlərdə növbəti artımlar olub.
Natiq bildirdi ki, ölkəmizin nüfuzu dünyada günü-gündən artır. Ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. Dövlət başçımızın forumda növbəti dəfə fəal iştirakı, orada səsləndirdiyi fikirlər və çoxsaylı görüşləri geniş maraq doğurmaqla yanaşı, Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə təqdimatı baxımından çox faydalı oldu.
Sonra natiq rayonda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonun qəsəbələrində geniş quruculuq və abadlıq işlərinə start verildi. Hal-hazırda Gürgən qəsəbəsində məhəllədaxili yollara asfalt örtüyünün döşənməsi, ətraf ərazilərin abadlaşdırılması, yaşıllıqların salınması işləri həyata keçirilir. Gələcəkdə rayon ərazisində bütün məhəllələrin və yolların abadlaşdırılması prioritet istiqamətdir.
Sonra Vasif İmanov Rəqəmsal İcra Hakimiyyəti (rih.gov.az) portalından danışaraq bildirdi ki, artıq vətəndaşlar İcra Hakimiyyətinə gəlmədən bu platforma vasitəsi ilə xidmətlərdən elektron qaydada yararlana bilərlər. Portalın yaradılmasında əsas məqsəd yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, data əsaslı çevik idarəetmə, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunmasıdır.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işsizlik, qəsəbədaxili yolların asfaltlanması, qaz və kanalizasiya xəttlərinin çəkilməsi və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.