“Heydər Əliyev və Azərbaycan tarixi” referat-yazı müsabiqəsinin ilkin rayon mərhələsi keçirilib
16 mart 2026 | 17:56
16 mart 2026-cı il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 №-li tam orta məktəbdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” referat-yazı müsabiqəsinin ilkin rayon mərhələsi keçiriib.
Müsabiqənin təşkili ilə bağlı yaradılmış komissiya rayon məktəbliləri tərəfindən hazırlanan referatları müxtəlif meyarlar üzrə, o cümlədən, elmi əsaslandırma, mənbələrdən düzgün istifadə, struktur və tərtibat, dil və üslub baxımından dəyərləndirib və müvafiq ballarla qiymətləndirib.
Daha sonra 16 mart 2026-cı il tarixdə müsabiqədə iştirak edən 38 şagirdin təqdimat bacarıqları yoxlanılıb.
Tədbiri giriş nitqi ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini- Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd xalqımızın Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycan dövlətinin xilası və formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə verməkdir. Digər bir məqsəd isə Heydər Əliyev amilinin xalqımızı necə böyük fəlakətin astanasından xilas etməsini məhz orta məktəb şagirdlərinin özləri tərəfindən araşdırılması, onlarda tədqiqat aparmaq, təhlil edib qənaətə gəlmək bacarıqlarını öyrətməkdir. Eyni zamanda, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qazanılmış “Şanlı Zəfər”in təbliği, böyüməkdə olan gənc nəslə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanması, həmçinin vətənpərvərlik ruhunun təbliği məqsədinə xidmət edir.






