“Heydər Əliyev və Azərbaycan tarixi” referat - yazı müsabiqəsinin Pirallahı rayonu üzrə yekun mərhələsi keçirilib
06 aprel 2026 | 17:21
06 Aprel 2026-cı il tarixdə Pirallahı Gənclər Evində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” referat-yazı müsabiqəsinin Pirallahı rayonu üzrə yekun mərhələsi keçirilib.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova, Bakı Şəhər və Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, müsabiqədə iştirak edən şagirdlər, onların elmi rəhbərləri, məktəb direktorları, mədəniyyət işçiləri, Qeyri-hökumət təşkilatlarının nümayəndələri, müəllimlər və məktəblilər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova çıxış edərək müsabiqənin rayonda yüksək səviyyədə keçirildiyini qeyd edib. O bildirib ki, müsabiqədə rayon üzrə fəaliyyət göstərən 6 məktəbin şagirdləri fəal iştirak etmiş, ümumilikdə isə 38 şagird yarışmaya qatılmışdır. Referatlar kodlaşdırılaraq 5 məktəbdən 8 Azərbaycan dili, ədəbiyyat və tarix müəllimi tərəfindən qiymətləndirilmiş və 16 mart 2026-cı il tarixində təqdimat bacarıqlarına baxılmışdır. Yekunda, iki mərhələ üzrə ən yüksək nəticələr göstərən 12 şagird bu gün çıxış etmək hüququ qazanıb.
Daha sonra şagirdlər referatlarını təqdim ediblər.
Tədbirin sonunda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək konfransın əhəmiyyətindən danışıb. O qeyd edib ki, belə tədbirlər gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə, həmçinin şagirdlərin sərbəst araşdırma aparma və tarixi faktlara əsaslanaraq öz düşüncələrini ifadə etmə bacarıqlarının formalaşmasına müsbət təsir göstərir. Elmin İmanov vurğulayıb ki, şagirdlər öz tarixi keçmişlərini dərindən bilməli, tarixi şəxsiyyətləri tanımalı və bu bilikləri gələcək nəsilə çatdırmalıdırlar. Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı – Ali Baş Komandan İlham Əliyevin tariximizə, milli-mənəvi dəyərlərimizə olan diqqəti və qayğısı bugünkü gənclərə örnək olmalıdır.
Sonda xatirə şəkli çəkdirilib.






