“Himayədar ailə-uşaqlara yeni həyat, yeni ümid” mövzusunda maarifləndirici görüş keçirilib
27 oktyabr 2026 | 17:09
27 oktyabr 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Himayədar ailə-uşaqlara yeni həyat, yeni ümid” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova, RİH başçısı aparatının məsul əməkdaşları, Pirallahı bələdiyyəsinin sədri Əli Kərimov, “Ümidli Gələcək” sosial mərkəzi olan “Tut Əlimdən” uşaq reabilitasiya mərkəzinin nümayəndəsi Tural Mirzəyev və ümumtəhsil məktəblərin nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk olaraq Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova çıxış edərək bildirib ki, bu gün müzakirə etdiyimiz himayədar ailə institutunun təşkili uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması, onların ailə mühitində böyüməsinin təmin edilməsi baxımından mühüm sosial əhəmiyyət daşıyan məsələlərdən biridir. Hər bir uşağın sevgi, qayğı və diqqət mühitində böyümək, təhsil almaq, sağlam inkişaf etmək və cəmiyyətin fəal üzvü kimi formalaşmaq hüququ vardır. Lakin müəyyən səbəblərdən valideyn himayəsindən məhrum olmuş uşaqların bu hüquqlarının təmin edilməsi xüsusi yanaşma və davamlı dəstək tələb edir.
Bu baxımdan himayədar ailə institutunun inkişafı uşaqların ailə mühitində yaşamaq və fərdi inkişaf imkanlarının genişləndirilməsi üçün mühüm vasitədir.Himayədar ailə institutunun əsas məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqların mənafelərini üstün tutmaqla onların təhlükəsiz, sağlam və qayğıkeş ailə mühitində yaşamasına şərait yaratmaqdır.
Daha sonra natiqlər qeyd ediblər ki, cəmiyyətdə himayədar ailə institutu barədə məlumatlılığın artırılması, bu sahədə ictimai məsuliyyətin gücləndirilməsi və ailə dəyərlərinin təşviqi vacibdir. Himayədar ailə olmaq yalnız sosial məsuliyyət deyil, həm də uşağın gələcəyinə, onun sağlam şəxsiyyət kimi formalaşmasına verilən mühüm töhfədir. Himayədar ailə institutunun inkişafı uşaqların rifahının yüksəldilməsinə, onların hüquqlarının daha etibarlı qorunmasına və ailə əsaslı qayğı modelinin gücləndirilməsinə xidmət edir. Bu istiqamətdə görülən işlərin davamlılığı, qurumlararası əməkdaşlığın genişləndirilməsi və himayədar ailələrə göstərilən dəstəyin artırılması qarşıda duran əsas vəzifələrdəndir.
Sonda tədbir zamanı verilmiş sualların cavablandırılması təmin edib və mövzular ətrafında açıq dialoq, izahat işləri aparılıb.







