“Hüquqlarımızı tanıyaq: Konstitusiyada təhsil hüququ” mövzusunda tədbir keçirilib
30 aprel 2025 | 17:55
30 aprel 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik hüquqi şəxsin Pirallahı bölməsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Hüquqlarımızı tanıyaq: Konstitusiyada təhsil hüququ” mövzusunda konfrans keçirilib.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının məsul əməkdaşı Vüqar Nəsirov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Konstitusiya hüququ” kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Şiraslan Yusubov, Rayon Polis İdarəsinin əməkdaşı Nurlan Hüseynov, Rayon Məhkəməsinin iclas katibi Ülvi Əbilov, həmçinin “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin pedaqoji və şagird kollektivi iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Arzu Abdullayev təhsil hüququnun insan hüquqları sistemində tutduğu mərkəzi rolu vurğulayıb. O qeyd edib ki, təhsil yalnız fundamental bir hüquq deyil, həm də digər insan hüquqlarının həyata keçirilməsində mühüm vasitədir. Təhsil hər bir fərdin inkişafına, insan ləyaqətinin dərk edilməsinə və cəmiyyətə fəal, məsuliyyətli şəkildə inteqrasiyasına imkan yaradır. Arzu Abdullayev həmçinin qeyd edib ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir və genişmiqyaslı dövlət proqramları çərçivəsində uğurla həyata keçirilir.
Tədbirdə çıxış edən hüquq üzrə fəlsəfə doktoru Şiraslan Yusubov Azərbaycan Respublikasının Konstitusiyasının əsas hüquqi sənəd olaraq ölkədə hüquqi və demokratik əsasların təminatçısı olduğunu bildirib. O, xüsusilə 42-ci maddədə təsbit olunan təhsil hüququnun əhəmiyyətindən bəhs edib və əlavə olaraq təqsirsizlik prezumpsiyası prinsipinə toxunaraq vurğulayıb ki, hər bir şəxs məhkəmənin qanuni hökmü olmadan təqsirli sayıla bilməz.
Daha sonra hüquq-mühafizə orqanlarının nümayəndələri Nurlan Hüseynov və Ülvi Əbilov çıxış edərək təhsil hüququnun təmin olunması sahəsində həyata keçirilən qanunvericilik islahatları haqqında məlumat veriblər. Onlar qeyd ediblər ki, “Təhsil haqqında”, “Ümumi təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunların qəbulu, eləcə də həyata keçirilən dövlət proqramları və imzalanan fərmanlar bu sahədə mühüm hüquqi baza formalaşdırıb.
186 nömrəli tam orta məktəbin direktoru Elzamin Həsənov isə çıxışında Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsaslanaraq hər bir vətəndaşın təhsil almaq hüququna malik olduğunu vurğulayıb. O qeyd edib ki, təhsil prosesi uşaqların istedad və bacarıqlarının inkişafı, insan hüquq və azadlıqlarına hörmətin aşılanması və məsuliyyətli vətəndaş yetişdirilməsinə yönəlməlidir.