“İlham Əliyev - dövlətin və vətəndaşların hüquq və azadlıqlarının qarantı” mövzusunda tədbir keçirilmişdir
14 oktyabr 2022 | 18:23
14 oktyabr 2022-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin akt zalında “İlham Əliyev - dövlətin və vətəndaşların hüquq və azadlıqlarının qarantı” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edtmişdilər.
Tədbir Rayon İcra Hakimiyyətinin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlamışdır.
İlk öncə dövlət himnimiz səsləndirilmiş, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “İlham Əliyev - dövlətin və vətəndaşların hüquq və azadlıqlarının qarantı” adlı film nümayiş olunmuşdur.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Alqış Musayev ilk dəfə Pirallahıda olduğunu qeyd edərək görülən abadlıq-quruculuq işlərindən heyranlığını dilə gətirmişdir. Pirallahı rayonun timsalında bütün Azərbaycan şəhər və kəndlərinin, o cümlədən işğaldan azad olunmuş Qarabağın çiçəklənməsinin şahidi olduğunu vurğuluyan natiq qeyd etmişdir ki, qazanılan bu intibah dövlətin dayanıqlı inkişafını təmin edən cənab İlham Əliyevin gərgin və fədəkar əməyinin nəticəsində əldə olunmuşdur. Dövlət başçısının ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər və ən nəhayət 44 günlük Vətən müharibəsi ilə Qarabağ münaqişəsini həll edilərək torpaqlarımızın işğaldan azad olunmasını söyləyən natiq, bütün dünya azərbaycanlılarının öz lideri ilə fəxr etdiyini vurğulamışdır.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov öz çıxışında Cənab Prezidentin çoxşaxəli fəaliyyətindən danışaraq qeyd etmişdir ki, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi işlər görmüş və Azərbaycan bu sahədə daha böyük uğurlara imza atmışdır. Heydər Əliyev və Azərbaycançılıq məfkurəsinin müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil etdiyini vurğulayan natiq, xalqımızın Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini, Yeni Azərbaycan Partiyasının ideyalarını sidq ürəklə daşıyan partiya tərəfkeşlərinin hər zaman cənab Prezidentə sadiq olacaqlarını diqqətə çatdırmışdır.
"Səs" qəzetinin baş redaktoru, Səs Media Qrupunun təsisçisi və rəhbəri Bəhruz Quliyev çıxış edərək vurğuladı ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu sayəsində Azərbaycan gələcəyə əmin addımlarla irəliləyir. Dayanıqlı inkişaf naminə müəyyən olunmuş strateji hədəflərə çatmaq üçün böyük işlərə start verilməsi isə islahatların davamlı olacağına dəlalət edir. Bütövlükdə isə, həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan islahatlar sayəsində ölkəmiz daha yüksək nailiyyətlər əldə etmək gücündədir. B.Quliyev müstəqil Azərbaycan Respublikasının dövründə böyüyüb boya başa çatmış vətənpərvərlik ruhunda tərbiyə almış gənclərin torpaqlarımızın azad olunmasında müstəsna xidmətləri olduğunu vurğulamışdır. Natiq, İlham Əliyevin dövlətçilik siyasətinin iki mühüm amilinə - milli dövlətçilik, müstəqillik uğrunda mübarizə tarixinə və dövlətçiliyimizin inkişafında misilsiz rol oynamış Heydər Əliyev məktəbinə əsaslandığını qeyd etmişdir. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə Prezident seçdi. İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, seçkiqabağı təşviqat dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” vədinə sadiq qalması qısa müddətdə ona xalq arasında geniş populyarlıq, sonsuz inam, güclü etibar və sevgi qazandırdı.
Sonda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək diqqətə çatdırmışdır ki, ölkə başçısı prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlətmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olmuşdur. Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli birlik və vətəndaş həmrəyliyi, cənab Prezidentin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır. Azərbaycanda demokratiyanın tam formalaşması prosesində mediaya göstərdiyi şəxsi qayğısı, iqtisadiyyatın dinamik inkişafına, qeyri-neft sektorunun, kənd təsərrüfatının dirçəldilməsinə istiqamətlənmiş fəaliyyəti, bu gün dünyanın təqdir etdiyi və bəzən hətta heyran qaldığı transmilli layihələrin reallaşma sürəti, ölkə əhalisinin sosial-mədəni həyatının yüksək göstəricilərlə təmin edilməsi, ordu quruculuğundakı misilsiz uğurlar, torpaqlarımızın işğaldan azad edilməsi, şəhid ailələrinə, müharibə veteranlarına dövlət qayğısı, işğaldan azad olunmuş ərazilərimizdə sürətli və genişmiqyaslı işlərin görülməsi, Böyük Qayıdışın başlanması və digər bu kimi mühüm sahələr Cənab Prezidentin 19 illik fəaliyyət dövrünün ən böyük uğurları kimi yaddaşlarda dərin izlər saldığını qeyd edən V.İmanov dövlətçiliyimizin inkişafı və qüdrətlənməsi naminə hər kəsə uğurlar arzuladı.