“İmmunizasiya və epidemioloji təhlükəsizlik: Yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınmasında müasir yanaşmalar” mövzusunda maarifləndirici tədbir keçirilib
07 sentyabr 2026 | 16:26
7 sentyabr 2026-cı il tarixində Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “İmmunizasiya və epidemioloji təhlükəsizlik: Yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınmasında müasir yanaşmalar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Gürgən qəsəbəsində yerləşən N.S.Teymurov adına 231 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri İsmayıl Əliyev, Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin, Pirallahı rayon Polis idarəsinin, Bakı Şəhər Baş Baytarlıq İdarəsinin Pirallahı rayon sahəsinin nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Aynur Nabatova mövzunun aktuallığından danışaraq tədbirin əsas məqsədinin əhali arasında immunizasiya, yoluxucu xəstəliklərin profilaktikası və epidemioloji təhlükəsizlik sahəsində maarifləndirmənin gücləndirilməsi olduğunu bildirib.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev əhalinin sağlamlığının qorunmasının, yoluxucu xəstəliklərə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin və bu istiqamətdə aidiyyəti qurumlar arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, sağlamlığın qorunması sahəsində profilaktik tədbirlərlə yanaşı, əhalinin düzgün və etibarlı məlumatlarla təmin olunması da mühüm rol oynayır.
Daha sonra çıxış edən natiqlər immunizasiya və epidemioloji nəzarət, yoluxucu xəstəliklərin profilaktikası, uşaqlar arasında peyvəndləmənin əhəmiyyəti, şəxsi gigiyena qaydalarına riayət olunması, vaxtında tibbi müraciət, həmçinin heyvanlardan insanlara keçə bilən yoluxucu xəstəliklərin qarşısının alınması ilə bağlı iştirakçılara məlumat veriblər. Çıxışlar zamanı yoluxucu xəstəliklərdən qorunmaq üçün profilaktik tədbirlərin vaxtında həyata keçirilməsinin, sanitariya-gigiyena normalarına əməl olunmasının və əhalinin düzgün məlumatlandırılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, əhalinin immunizasiya və epidemioloji təhlükəsizlik sahəsində məlumatlılığının artırılması məqsədilə rayon ərazisində bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.







