Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan hüquq və azadlıqlarının müdafiəsi” və “Gender əsaslı zorakılıqla mübarizə” mövzularına həsr olunmuş maarifləndirici tədbir keçirildi

19 dekabr 2023 | 16:07
19 dekabr 2023-cü il tarixdə  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən 168 nömrəli tam orta məktəbdə “İnsan hüquq və azadlıqlarının müdafiəsi” və  “Gender əsaslı zorakılıqla mübarizə”  mövzularına həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, məktəbin  müəllim və şagird kollektivi iştirak etmişdir.
Mövzu ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, bu gün Azərbaycanın dünya birliyində müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi, habelə müdafiə olunması məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
1991-1993-cü illər ərzində ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələr, vətəndaş qarşıdurması, xaos, anarxiya və özbaşınalıq insan hüquqlarının real həyatda təmin olunmasına öz mənfi təsirini göstərmişdi. Amma ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişlərindən sonra hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğu sahəsində köklü islahatlara başlanıldı. Ölkəmizdə insan hüquq və azadlıqlarının təmini və müdafiəsinin müəyyən olunması, bu sahədə hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atıldı. Ümummilli liderin respublikaya rəhbərliyi dövründə insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi diqqət mərkəzində saxlanılan prioritet məsələlərdən biri oldu. Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv edilməsini xüsusi qeyd etmək lazımdır.
Hazırda Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezidentimiz Cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də qətiyyətli addımlar atır. Sözün həqiqi mənasında dövlət başçısının insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər bu gün dünya birliyində də yüksək dəyərləndirilir. 
Eyni zamanda qeyd edildi ki, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Dövlətin uğurlu siyasətinin nəticəsi olaraq əsaslı nailiyyətlər əldə olunmuşdur. Bu sahədə gender-əsaslı zorakılıqla mübarizəni həyata keçirtmək üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Milli Fəaliyyət Planında məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində bir çox istiqamətlərdə tədbirlər nəzərdə tutulmuşdur”.
Tədbir zamanı verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.
Keçidlər