“İnsan Hüquqları Aylığı” çərçivəsində “Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
07 iyun 2023 | 17:10
07 iyun 2023-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 243 nömrəli tam orta məktəbdə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Tədbirdə məsul şəxslər çıxışlar edərək, mövzular ətrafında şagirdləri geniş şəkildə məlumatlandırıblar. Çıxışçılar bildirdilər ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il iyunun 18 də respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunur. İnsan və vətəndaş hüquq, azadlıqlarının qorunması, ona əməl edilməsi, habelə çatışmazlıqların, pozuntuların aşkar edilməsi, pozulmuş hüquqların bərpası və qarşısının alınması məsələlərinə toxunulur. İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub.
Eyni zamanda, çıxışçılar qeyd etdilər ki, ailənin möhkəmləndirilməsi, qadın və uşaq problemlərinin həlli və vətəndaş hüquqlarının müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Hər bir insanın, hətta hər bir xalqın özünü təsdiq etməsində və inkişafında ailənin rolu böyükdür. Ailə insanların bir-biri ilə qurduğu münasibətlərin ən qədim və unikal formalarından biridir. Azərbaycan xalqının mentalitetində yüksək qonaqpərvərlik, dostluğa sədaqət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlər mövcuddur. Digər tərəfdən, xalqımızın çox gözəl və zəngin ailə ənənələri var. Bu ənənələr dərin və sarsılmaz köklərə malikdir. Azərbaycanda ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətini, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət əsasında qurulmasını müəyyən edir.
Daha sonra mövzularla əlaqəli video-çarxlar nümayiş olunmuş, şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.