“İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbirlər davam etdirilir
23 may 2025 | 17:35
23 may 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən V. Mustafazadə adına Mədəniyyət Mərkəzində “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqları və onların qorunması”, “Uşaqların ictimai fəallığının artırılması, onların şəxsiyyət kimi formalaşması” mövzularında maarifləndirici dəyirmi masa keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə-müəssisə, təşkilatların nümayəndələri və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin kollektivi iştirak etdilər.
Mövzular ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuş və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Bu siyasəti uğurla davam və illər keçdikcə daha da inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmiş və artıq 18 ildir ki, hər il qeyd olunur.
Eyni zamanda bildirildi ki, uşaqların inkişafına bilik və bacarıqlarının artırılmasına nə qədər çox töhfə verə bilsək, nəticə bir o qədər uğurlu olacaq. Uşaqlar öz potensiallarını üzə çıxarmaq, mürəkkəb dünyada çətinliklərin öhdəsindən gəlmək üçün həm intellektual, həm də sosial cəhətdən hazırlıqlı olmalıdırlar.
Sonda verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzular ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.