“İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbirlər davam etdirilir
05 iyun 2025 | 18:03
5 iyun 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən 186 nömrəli tam orta məktəbin akt zalında İnsan Hüquqları Aylığı” çərçivəsində “Narkomaniyaya qarşı mübarizədə birgə olaq!” və “Uşaqlarla işləyən mütəxəssislərin peşəkarlığının artırılması” sahəsində maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, valideynlər, məktəbin müəllim kollektivi iştirak etmişdir.
Mövzular ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, narkomaniya cinayətkarlığın artmasına rəvac verir, ağır xəstəliklərə səbəb olur, mənəvi deqradasiyaya aparıb çıxarır. Narkomaniyaya qarşı məqsədyönlü mübarizə ümumxalq işinə çevrilməlidir. Sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil edir. Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daim gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi diqqət ayırıb.
Eyni zamanda qeyd edildi ki, təhsilin əhəmiyyəti bir çox amillərlə bağlıdır. Məsələn, aydındır ki, uşaqlar həyata ilk addımlarını atanda oxunu, yazını və hesabı bilmirlər, yaşadıqları icmanın və toplumun əxlaq normaları və mədəni nailiyyətləri haqqında xəbərsiz olurlar. Peşəkar müəllimlərin səyləri və ailədəki təlim-tərbiyənin, həmçinin müasir dövrdə kütləvi media vasitələrindən və internetdən irəli gələn imkanların sayəsində gənc nəsil cəmi bir neçə il ərzində oxumağı, yazmağı, hesablamağı, öz ətraf mühitini, əxlaq-davranış normalarını öyrənir. Bəziləri bu bacarıqları digərlərinə nisbətən daha dərindən qavraya bilir və beləliklə təhsil sistemi əslində ictimai çeşidləmə funksiyasını da yerinə yetirərək fərdlərin gələcək iqtisadi taleyinə böyük təsir göstərir.
Sonda tədbir zamanı verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzular ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.