“İqtisadi və sosial siyasətin icra edilməsi istiqamətində əmək münasibətlərinin inkişafı və əhalinin məşğulluq imkanlarının genişləndirilməsi” mövzusunda görüş keçirildi
21 iyul 2022 | 15:33
21 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı rayon Gənclər Mərkəzində “İqtisadi və sosial siyasətin icra edilməsi istiqamətində əmək münasibətlərinin inkişafı və əhalinin məşğulluq imkanlarının genişləndirilməsi” mövzusunda işəgötürənlərlə görüş keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev, Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının müdiri Müseyib Əliyev, Bakı Regional Məşğulluq Filialının müdir müavini Orxan Novruzov, Bakı Regional Məşğulluq Filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Mehriban Əliyeva, Pirallahı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, RİH-in məsul əməkdaşları və sahibkarlar iştirak etdi.
Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev tədbiri giriş sözü ilə açaraq əhalinin məşğulluğunun təmin olunması istiqamətində rayonda həyata keçirilən məqsədyönlü tədbirlər, yaradılan yeni istehsal müəssisələri, eyni zamanda rayon əhalisinin məşğulluğunu əks etdirən statistik məlumatlar və qeyri-formal əmək münasibətlərinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının müdiri Müseyib Əliyev çıxış edərək ölkədə əmək münasibətlərinin inkişafı və məşğulluğun təmin edilməsi istiqamətində həyata keçirilən iqtisadi və sosial siyasət, əhalinin məşğulluğunun təşviq və təmin edilməsi istiqamətində icra edilən müxtəlif xidmətlər barədə məlumat verdi.
Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Mehriban Əliyeva Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən rəqəmsal layihələr və korporativ sosial məsuliyyət tədbirlərini özündə əks etdirən təqdimatla çıxış etdi.
Yekunda işəgötürənlərin sualları cavablandırıldı, qarşılıqlı əməkdaşlığın perspektivləri barədə müzakirələr aparıldı.