Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “IronWind” açıq ölkə turniri keçirilib

05 iyun 2023 | 10:28
      Bakının Pirallahı rayonundakı "Nərəkənd" parkında Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, həmçinin “Triterra” klubunun təşkilatçılığı və “Baku City Circuit”in dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “IronWind” açıq ölkə turniri keçirilib.
     Yarışda Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Böyük Britaniya, Xorvatiya, Rusiya və digər ölkə təmsilçilərinin də iştirak etdiyi yarışda 83 idmançı gücünü sınayıb.
     İdmançılar 1,9 kilometr məsafəyə üzüb, 90 kilometr velosiped sürüb və 21,1 kilometr məsafəyə qaçıblar. Yarışa həm fərdi, həm də qrup şəklində qoşulan iştirakçılar olub.
      Azərbaycan Triatlon Federasiyası uşaq idmanına diqqəti artırmaq məqsədilə Nərəkənd parkında aşağı yaş qrupu idmançılarının da kiçik qaçış yarışını təşkil edib.
     Qadınların “Absolute” kateqoriyası üzrə yarışında ilk üçlükdə İnna Anisimova, Rabiyə Oruclu və Natalya Vallek yer alıblar. Kişilərin mübarizəsində isə Oleksandr Mordasov birinci olub. Teymur Fərəcov yarışı ikinci, Konstantin Vedmed isə üçüncü pillədə başa vurublar.
Mükafatlandırma mərasimində Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Triatlon Federasiyasının (ATF) vitse-prezidenti, Triterra klubunun rəhbəri və yarışın direktoru Rüfət Həsənov, ATF-nin baş katibi Seymur Hüseynov və ATF-nın vitse-prezidenti Azər Əliyev iştirak ediblər.
     Birinci yeri tutan idmançılara 2 min manat məbləğində pul mükafatı və sponsorlardan hədiyyələr təqdim olunub. İkinci və üçüncü yerlərin sahibləri isə, müvafiq olaraq, 1000 və 500 manat məbləğində pul mükafatı və sponsorlardan hədiyyələr qazanıblar.
Keçidlər